KİVİ

2000-ci ilin noyabr ayının sonudu. Bakının zəlzələdən silkələnməsindən bir həftə keçməyib. Ramazan ayının da ilk günləridi. 

Hər gün işdən çıxıb iftar üçün məscidə gedirəm. Tam qarşımda 40-45 yaşlarında bir kişi, yanında da 5-6 yaşlarında oğlan uşağı oturub. İftara 10-15 dəqiqə var. Hamı müəzzinin azanı oxumağını gözləyir. Süfrədə hərənin qabağında iki xurma, bir su, bir alma, bir kivi, bir də dörd yerə bölünmüş çörəyin bir hissəsi var. Qarşımdakı uşaq oruc tutmasa da əlini süfrəyə uzatmır. Amma gözü ilə qarşısındakı nemətləri yeyir. Arada gözünün ucu ilə atasının qabağındakılara baxır, udqunduğunu bəlli etməmək üçün özünü sıxır, gah məscidin minarəsinə baxır, gah da ətrafa göz gəzdirir.

Nəhayət oruc tutmayan o uşağın oruc tutanlardan daha çox gözlədiyi azan səsləndi və əllər xurma ilə suya tərəf uzananda uşaq birinci kivini götürdü.

– Ata bu nədi?

– Kividi.

– Hə… Sən elə bil əvvəllər bundan bizə almışdın?

Atadan səs çıxmadı. 

– Bəs indi niyə almırsan? Bahadı hə ona görə?

Atadan yenə səs çıxmadı. Bu dəm isti xörəkləri paylayan cavan oğlan içində düyü və ət olan plastik qabı kişiyə uzatdı. Kişi iki qab düyü götürüb birini uşağın qabağına qoydu:

– Ye.

Uşaq kivini süfrənin özünə ən yaxın qırağına qoyub, düyünü qabağına çəkdi. Amma gözü hələ də kividə qalmışdı. Düyüdən bir neçə qaşıq yeyəndən sonra.

– Ata mən doydum bunu yeyə bilərəm?

– Hə ye.

Uşaq əlindəki kivini qabıqlı-qabıqlı ağzına aparırdı ki, atası əlindən alıb qaşığın arxası ilə iki yerə böldü.

– İçini ye, qabığını tulla.

– Hə, yadıma düşdü. – uşaq özünü sındırmadı.

Barmaqlarının arasından kivinin şirəsi süzülə-süzülə əlindəkini axıra kimi yedi. Atasına baxdı.

– Dadlıdı, amma biraz turşdu. Sənin də xoşuna gəlir? Adı nəydi bunun?

– Kivi. İstəyirsən bunu da ye. – öz qabağındakı kivini uşağa uzatdı.

– Yox, sən də ye də. – deyib kivini atasının əlindən aldı. Əlində o tərəf bu tərəfə çevirdi.

– Ata bunu cibimə qoysam günah olar?

– Yox. Niyə günah olur?

– Məsciddən şey aparmaq günah deyil ki? Günah olmasaydı aparardım qaqam da yeyərdi.

– Sən onu ye qaqana ayrısını alarıq.

– Onda yarısın yeyim yarısın qaqama aparaq. Birdən ayrısını ala bilmərik.

Bu arada da uşağın gözü mənim qabağımdakı kividə qalıb. Yəqin ürəyindən keçirir ki, mən kivini ona verim. Elə mənimdə ürəyimdən keçir ki, kivini uşağa verim. Amma fikirləşirəm ki, kişinin qüruruna toxunar. Get-gəldə qalmışam. İki daşın arasında o qədər şey fikirləşirəm ki. Kivini versəm atanı övladının gözündə aciz salaram. Verməsəm uşaq bir ömür boyu uşaqlıqda məsciddə xəsis bir adamı gördüyünü xatırlayar. Yediyim tikə boğazımda qalıb udquna da bilmirəm qəhərdən. Nəhayət qabağımdakı kivini süfrənin ortasına tərəf itələdim ki, guya mən bunu xoşlamıram. Uşağın gözü güldü. Tez atasına baxmağa çalışdı, amma kişi yanındakıyla söhbət edir, elə bil heç uşağı görmür. Uşaq növbə ilə mənə, sonra kiviyə baxır. 

İftar məclisi yavaş-yavaş sona çatır, amma kivi hələ də süfrənin ortasında qalıb. Uşaq əllərini dizlərinin altına qoyub oturub. Arabir oğrun baxışlarla kiviyə baxır, amma elə bil daha süfrəyə əl uzatmağa ar eliyir.

Məclis bitdi, hamı qalxdı. Atası uşağın əlindən tutub “gedək” dedi. 

Uşaq ayağa qalxanda son bir dəfə çönüb kiviyə baxdı. Bu baxış həyası nəfsinə qalib gəlmiş yetişkin bir insanın baxışı idi. 

Mən də durdum. Kivi süfrədədir.

Rx.

Bakı, 19 Yanvar 2019

Bir cavab yazın