Kimsəsiz Söz

Bu hekayəni kimsəsizlərə sahib cıxmış,
kimsəsiz insan Araz Əhmədova ithaf edirəm.

 

Gecə yarısı beynimi sanki iynə kimi qurcalayan bir söz məni yuxudan oyatdı. Başımı balıncdan qaldırmadan çönüb yanımdakı saata baxdım. Mavi rəqəmlərdə 3:41 yazılmışdı. Artıq asanlıqla yuxuya gedə bilməyəcəyimi anlayıb sakitcə yatağımdan qalxdım. Öz beşiyində şirin-şirin yatan kiçik oğlum İbrahimin üstünü astadan örtüb, bir söz demədən mətbəxə keçdim. Gec olduğu üçün bilgisayarı yandırmadım. Kranı açıb bir stəkan su doldurdum. Masanın üzərində elə bil məni gözləyirmiş kimi üstündə qələm duran sarı vərəqli not dəftərini qarşıma çəkdim. Stəkandakı soyuq sudan bir az içib stəkanı kənara qoydum və gecə vaxtsız gələn sözə tərəf çöndüm. Sözün, inadla qapını döyən üzlü dilənçilər kimi məndən bir şey qoparmadan getməyəcəyi bəlli idi. Hələ qarşımdakı sözlə tanış olmamış mətbəxin qapısında tanış bir sözün dayandığını gördüm. “Niyə yatmırsan? Nə yazırsan? Soyuq olar sənə!” Bu tanış söz ətrafımda bir dövrə uçub yuxulu-yuxulu otaqdan çıxdı. Mən yenə tanımadığım kimsəsiz sözlə mətbəxdə təkbə-tək qaldım.

Ondan: “Sən kimin sözüsən? Hardan gəlirsən? Niyə mənə gəlmisən?” kimi suallar soruşmağa hazırlaşırdım ki, söz məni qabaqladı. Əvvəlcə ədəb-ərkanla salam verdi. Salam verməyindən düzgün tərbiyəsi olan, bir az da ürkək və utancaq olduğu açıq görünürdü. Bütün kimsəsizlər kimi! Salamdan sonra o yenə davam etdi: “Bağışlayın sizi gecənin bu vaxtında yuxudan oyatdım. Gedəsi başqa yerim yox idi, sizin də işığınız yanırdı dedim yəqin oyaqsınız. (Gecələr İbrahim qorxmasın deyə yataq otağında zəif işığı olan bir lampa yandırırıq. Elə hey yoldaşıma o işığın məni yatmağa qoymadığından şıkayət edirdim). Sizdən heç nə istəmirəm.”- söz davam etdi: “Bir gecəlik burda qalım vallah sabah gedəcəm. Sizi çox incitməyəcəm. Yeməyə də ehtiyacım yoxdu. Bayır çox soyuqdu, bizi görən hər kəs də üz çevirib gedir. Axı biz insanlara neynəmişik?”

Onun kövrəldiyini görəndə bir bəhanə ilə sözünü kəsib söhbəti dəyişmək istədim: “Sizin kimi kimsəsiz sözlər çoxdu çöldə?..”

Deyəsən sualım heç də təsəlli verici sual olmadı. Sözün üzündə anlamadığım bir ifadə əmələ gəldi. Onlarla maraqlanan birinin olduğunun sevinci ilə onların çöllərdə kimsəsiz qalmalarının kədərinin bir-birinə qarışmış ifadəsi. Soruşmağıma da peşman oldum lap.

“Hə”– qorxu və ümid hiss etdirən səslə dilləndi. ”Amma hərdən bizi küçəyə atanlardan dönüb sahib çıxanı da olur. O günü bir kişi nə qədər sözə sahib çıxdı. Birinə də özgəsinin sözlərini zorla verdilər. Yazıq hamısını özüylə götürdü.”

Bunları dedikdə sözün üzündə bir az təbəssüm yarandı. Təbəssüm ifadəsini tez başa düşdüm. Onu heç nə ilə səhv salmaq olmur. Amma bəzi üz ifadələrini heç anlaya bilmədim. Hardan bilim, birdən-ikiyə sözlə dostluq eləmişəm ki?

Söz, tələsik, bir az da sevincli danışmağına davam etdi: ”Bir də bir şair var hərdən gecələr əlində siqaret tüstüləyə-tüstüləyə küçələrdə bizi axtarır. O da ən yaxşıları seçib özü ilə aparır. Deyirlər onun evində böyük bir kitabxana var. Kimsəsiz sözlərin ən gözəllərindən bir-birinə oxşayanları yan-yana düzür. Sonra da onları isti rəflərə qoyur. Amma onun da otağı çox tüstülü olur. Mən orda qala bilmərəm, boğularam. Həm də mən tüstüdən qorxuram. Elə biz hamımız tüstüdən qorxuruq. Yanarıq axı!”

“Qorxma mən siqaret çəkmirəm burda yanmarsan”-deyib onu sakitləşdirməyə çalışdım.

“Hə düz deyirsən. Amma sən də mənə sahib çıxana oxşamırsan heç”

Deyəsən əməllicə rahatlamışdı dostum artıq sənli-mənli danışmağa başlamışdı.

“Niyə elə deyirsən?”-deyə soruşdum.

“Nə bilim belə birtəhər adamsan ee.”

“Nə təhər adamam?”

“Hər şeyin qaydasındadı. Evin, ailən, uşaqların, işin, siqaret də çəkmirsən. Kimsəsiz bir söz nəyinə lazımdı ki?”

Dostumun rahatlığı məni bir az narahat edən kimi oldu. Özündən balaca uşaqdan soruşurmuş kimi bir az sərt səs tonu ilə soruşdum: “Sənin neçə yaşın var ki, belə ağıllı-ağıllı danışırsan?”

Başını aşağı salıb bir az durdu. Sonra elə bil ondan heç nə soruşmamışam kimi saymazca öz sualını mənə verdi: “Sən heç indiyə kimi sözə sahib çıxmısan?”

“Hmm… Ən azından öz sözlərimi sahibsiz qoymamışam!”- deməklə, bir az da qürurlu sifət edərək sualdan qaçmaq istədim.

“Yox, onu demirəm, kimsəsiz sözə deyirəm. Sahib çıxmısan?”

“Axı mən kimsəsiz sözə birinci dəfədi rast gəlirəm. Mən elə bilirdim hər sözün sahibi var. Heç başımı qaldırıb onlara tərəf baxmamışam da. Hardan bileydim?..” İndi də günahkar adam kimi əl-ayağa düşüb özümə bəraət axtarmağa başlamışdım.

“Görürsən, mən dedim axı səndən bizə sahib çıxan olmaz”.

“Siz deyəndə ki, siz, çoxsunuz axı. Mən hansınıza, necə sahib çıxım? Lap deyək ki, sizin hamınızı gətirdim evimə. Sonra sizi nə edim? Hara toplayım? Necə toplayım? Siz də elə tərsxasiyyət şeylərsiz ki, kimi gəldi yan-yana düzə bilmirsən. Gərək bir-birinizdən xoşunuz gələ, nə bilim xasiyyətiniz tutuşa. Mən də onu bacarmıram, sözü seçə bilmirəm. Deyirəm bəlkə sizi həmin şairə aparım verim? Hə? Yox, o da deyəcək özümünkiləri qoymağa yerim yoxdu sən də bir ətək söz gətirmisən. İnanırsan sənə çox kömək etmək istəyirəm, lakin qorxuram bacarmayam. Mənim yanımda tək qalınca bəlkə elə o küçədə dolaşan şairə qismət olsan yaxşıdı?”

“Sən də elə onlar kimisən. Hamınız bizi evinizdə saxlamaqdan qorxursunuz. O şair isə bizə görə hələ də subaydı. Paltarlarını da özü yuyur, yeməyini də özü bişirir. Amma bizi küçəyə atmır. Böyüklər belə deyirlər. Mən onu hələ görməmişəm. Bir də deyirlər ki, o məni görsə həmən evinə aparar. Axı mən çox gözələm, başqa kimsəsiz sözlərə oxşamıram. Amma mən sizdə qalmaq istəyirdim. Bura istidi. Tüstü də yoxdu. Həm də burda uşaqlar var mən onlarla oynayaram. Heç incitmərəm sizi, vallah!”

Onun üzünə baxa-baxa qalmışdım. Öz-özümə: “mən bu yetimi axşam-axşam neyniyim?”-deyirdim ki, mətbəxin pəncərəsindən təzə doğan günəşin şüalarının otağı necə dolduğunu, otaq tam işıqlanandan sonra hiss etdim. Pəncərədən boylanıb yeni işıqlanan şəhərə tamaşa etdim. Elə bilirdim gün çıxan kimi bütün kimsəsiz sözləri görəcəm. Sən demə onların da işıqla elə də araları yox imiş. Bir anlıq səhərin sehrindən qopub, dəvətsiz qonağımı xatırladım. Ona tərəf çönəndə otaqda sarı vərəqin üstündəki cızma-qara söz şəkillərindən başqa heç kimin olmadığını gördüm.

Vidalaşmadan getmişdi. Mən də onu tərbiyəli biri sanmışdım. Ən azından adam harda qaldığını deyər, ya da nə bilim bir adres, bir telefon nömrəsi qoyar. İndi mən səni tapmaq istəsəm harda axtarım? Ay insafsız!!!

Rx.

Bakı 10.02.2015

Bir cavab yazın