Tanışlıq

Və mən, başladım yazmağa…

Ona görə yox ki, mən dahiyəm və sizə bilmədiyiniz həqiqətləri öyrədəcəm, dünyanın sirlərindən agah edəcəm. Xeyr, mən dahi deyiləm, heç istedadlı da sayılmaram (yeri gələndə). Mənə nə heykəl qoyacaqlar nə də mənim haqqımda kitablar yazacaqlar. Nə də mən sizə bu günə qədər heç kimin söyləmədiyi sözləri söyləyəcəm. Çünki deyilməli nə varsa böyük ehtimalla bizdən əvvəl kiminsə tərəfindən deyilmişdir. Fərasətli olanlar dediklərini yazmış, olmayanlar isə sadəcə sözünü deyib getmişdir. Mənim yazmağa başlamağımın səbəbi fərasətli olmağa çalışmağımdan deyil (digərlərinin də sırasında olmaq istəməzdim). Mənim yazmaq istəyim illər boyu yığılıb onsuz da darısqallıqdan dolub daşan ürəyimin yükünü boğaltmaq ehtiyacından yarandı. Qorxmayın sizin görüşünüzə sadəcə dərd-qəmlə gəlmirəm. Sizinlə paylaşmaq istədiyim insanı sevindirən, həyata bağlayan, dərdləri unutdduran o qədər dəyərlər, xatirələr var ki…

Bəri başdan bütün dostlarımdan və məni blog vasitəsilə tanıyan ürək dostlarımdan bir xahişim var: sıxıldığınız və darıxdığınız yerdə bu blogu oxumaqdan vaz keçin. Yox əgər mənim cızma-qaraları oxuduğunuzda urəyiniz rahatlıq tapacaqsa, hisslərinizi mənimlə bölüşməyi əsirgəməyin (editor@xayyam.az). Bilin ki, hər növbəti yazının səbəbkarı, bəlkə də mövzusunun qəhrəmanı sizdən biri ola bilər.

Blog aparmağa məni təşviq edən (hətta sövq edən də deyə bilərəm) dostum Toğrul Ələkbərə xüsusi minnətdarlığımı bildirirəm.

Bundan başqa kitablarını oxuduğum bütün müəlliflərə, yazıçılara və şairlərə məni eşitməsələr belə qiyabi olaraq təşəkkür etməyi özümə borc bilirəm. Eləcə də bu işdə məni dəstəkləyib, həvəsləndirən hər bir kəsə, çox sevdiyim can yoldaşıma, dostlarıma öz dərin minnətdarlığımı bildirirəm.

Allahdan qüsurlarıma görə məni bağışlamağını, doğrularıma isə bərəkət verməyini diləyirəm!

Rx.

Fevral 2015

Bir cavab yazın