2018-ci ilə çiynimizdə nə aparırırıq?

Cəmi bir sutkadan sonra yeni 2018-ci il başlayacaq. Hamı bir-birinə 2018-ci ildə uğurlar, bolluq-bərəkət və əminamanlıq arzulayır. Əlbətdə ki, hər cür yaxşı istək və arzuya mən də qoşuluram, hüzur və xoşbəxtlik dolu günlər keçirməyimizi ürəkdən istəyirəm. Amma bununla yanaşı artıq keçmiş sayıla biləcək 2017-ci ili necə yaşadığımıza və nələri etdiyimizə dair bir mühasibə etməyi təklif edirəm. 2017-ci ildə hansı yaxşılıqları etdik, kimləri sevindirdik, hansı çarəsiz insana əl uzatdıq, neçə ac adamın qarnını doyurduq kimi sualları düşünməyimizi istəyirəm. 2018-ci ilə çiynimizdə nə aparırırıq? Bütün bunları xatırlamağa çalışarkən və gələn ildə Allahdan sevdiklərim üçün, xalqım və məmləkətim üçün əminamanlıq diləyərkən bir hədisi xatırladım.

Peyğəmbər (səlləllahu aleyhi və səlləm) öz əshabına belə bir hadisə nəql etmişdi: “Sizdən əvvəl yaşamış ümmətlərdən üç nəfər səfərə çıxdı və (yolda) gecələmək üçün bir mağaraya çəkildilər. Onlar mağaraya daxil olduqdan sonra dağdan böyük bir qaya parçası yuvarlanıb yerə düşdü və mağaranın ağzını qapadı. Onlar dedilər: “Sizi bu qaya parçasından ancaq etdiyiniz yaxşı əməllərinizin vasitəsilə Allaha dua etməyiniz qurtara bilər. Onlardan biri dedi: “Ey Allahım! Mənim qoca ata-anam var idi. Mən hər axşam onlara süd içirtməmiş nə ailəmə, nə də xidmətçilərimə süd verməzdim. Bir gün mən bir iş dalınca çox uzağa getdim, evə qayıtdıqda ata-anam artıq yatmışdı; mən onlar üçün süd sağıb gətirdım, lakin (gəlib) onları yatmış gördüm. Mən onlara süd içirtməmiş ailəmə və xidmətçilərimə süd vermək istəmədim. Odur ki, sübh açılanadək əlimdə bardaq onların yuxudan oyanmasını gözlədim. Nəhayət, onlar yuxudan oyanıb südlərini içdilər. Allahım, əgər mən bunu Sənin üçün etmişəmsə, bizi bu çətinlikdən qurtar!” Bundan sonra mağaranın keçidi bir balaca açıldı, lakin onlar bayıra çıxa bilmədilər.” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) buyurdu: “Digəri dedi: “Ey Allahım! Mənim hamıdan çox sevdiyim bir əmim qızı var idi. Mən onun könlünü ələ almaq istədim, lakin o mənə könül vermədi. Aradan illər keçdi. Nəhayət, (quraqlıq ilində) o mənim yanıma gəldi və mən ona mənimlə yaxınlıq etmək şərtilə yüz iyirmi dinar verdim. O da buna razılıq verdi. Mən onu ağuşuma aldıqda o dedi: “Nikaha girmədən bakirəliyimi pozmağa sənə halallıq vermirəm.” Mən onu ələ almaqla günah qazanacağımdan qorxdum, onu buraxıb getdim, ona verdiyim qızılı da ona bağışladım. Halbuki o mənim üçün ən əziz insan idi. Allahım, əgər mən bunu Sənin üçün etmişəmsə, bizi bu düşdüyümüz çətinlikdən qurtar!” Bundan sonra qaya parçası yerindən tərpəndi, lakin onlar mağaradan çıxa bilmədilər. “Peyğəmbər (səlləllahu aleyhi və səlləm) buyurdu: “Üçüncüsü dedi: “Ey Allahım! (Bir dəfə) mən bir dəstə işçi tutdum və onların hamısının zəhmət haqqını verdim. Yalnız biri öz zəhmət haqqını almadan çıxıb getdi. Mən onun zəhmət haqqını işə qoydum və onun malları artdı. Xeyli vaxt keçdikdən sonra həmin adam gəlib dedi: “Ey Allahın qulu, mənim zəhmət haqqımı ver!” Mən ona dedim: “Gördüyün bu dəvələr, inəklər, qoyunlar və kölələr sənin zəhmət haqqındır.” O dedi: “Ey Allahın qulu, mənə istehza etmə!” Mən dedim: “Mən sənə istehza etmirəm.” Bundan sonra adam malların hamısını sürüb apardı və onlardan heç bir şey saxlamadı. Allahım, əgər mən bunu Sənin üçün etmişəmsə, bizi bu düşdüyümüz çətinlikdən qurtar!” Beləliklə, qaya parçası tamamilə aralandı və onlar oradan çıxıb getdilər.”

 İndi təsəvvür edin ki, o üç adamın yerində sizsiniz və həyatınızda Allah xatirinə etdiyiniz bir əməlinizi xatırlayıb Allahdan sizi xilas etməyini istəyəcəksiniz. Mən belə bir əməli xatırlamaq üçün nəinki keçən bir ilə, hətta geridə qalan bütün ömrümə qayıdıb nəzər saldım. Utanaraq deməliyəm ki, bir daşı yerindən tərpədə biləcək heç bir əməlimi xatırlamadım. Bu səbəbdən də şəxsən özümə və sonra da bütün insanlara gələn ildə elə bir əməl etməyimizi diləyirəm ki, günün birində çarəsiz vəziyyətə düşəndə etdiyimiz o əməlin sayəsində Allahdan yardım istəyə bilək.

Təsəvvür edin məmləkətdə hər bir insanın dilinə gətirə biləcəyi, lazım olsa daşı yerindən tərpətməyə səbəb ola biləcəyi bir yaxşılığı var və o insanlar Allahdan əminamanlıq və sülh istəyirlər…

Rx.

Bakı, 30 dekabr 2017

Bir cavab yazın