ADSIZ YAZI…

Bu yazını sadəcə nəysə yazmaq üçün yazıram. Bunu boynuma alıram və utanmıram da. Utanmıram ona görə ki, yazmaq bəzən ehtiyaca çevrilir və mövzu olsa da, olmasa da yazmaq istəyirsən. Ehtiyac deyəndə ki, hava və su kimi ehtiyaclardan danışmıram, çünki onlarsız yaşamaq mümkün deyil. Yazmaq isə elə bir ehtiyacdır ki, onsuz yaşaya bilirsən, lakin qanadı qırılmış quş kimi göyə baxa-baxa yerdə sürünürsən. Anlayırsan ki, sən sürünmək üçün yaradılmamısan, sənin məkanın göylərdir. Sənin üçün həyat buludların arasında əsən sərt küləklərə qarşı dayana bilmək və küləyin qarşısındakı acizliyini anladığın halda müvəqqəti müvazinətini qoruyub saxlamağının ləzzətini doyunca yaşamaqdır. Özünü dünyanın əşrəfi hesab etməkdir. Heç kim və heç nə olduğunu bildiyin halda belə…

Kim olduğunu çox yaxşı bilirsən. Dünyaya gəlmiş-getmiş milyardlarla insandan birisən. Amma sən fərqlisən. Sənin onlardan nə fərqin var ki? Səninlə eyni gündə hətta eyni dəqiqədə doğulmuş minlərlə insanlar var. Səninlə eyni adı daşıyan yüzlərlə insanlar var. Səninlə eyni şəhərdə nə qədər sənin kimi ətdən, qandan və sümükdən olan insan yaşayır. Hamısı da özünü bənzərsiz və əvəzsiz sayır. Haqlıdırlar da. Hamısı bənzərsiz və əvəzsizdir. Bu dəqiqə ən yaxınındakı adamın ağlında hansı fikirlər dolaşır? Ürəyi nə istəyir? Susayıbmı, yorulubmu? Bəlkə yorğun və susuz olsa da heç bu haqda düşünmür, gələcəkdə nə olacağını, övladlarının güzaranının necə olacağını düşünür. Ya da keçmişi yada salıb nostalji hisslər yaşayır. Bəs qonşu otaqdakı kiçik övladın nə hiss edir? O bap-balaca ürəyində hansı arzuları daşıyır? Yeni oyuncaqmı, yoxsa ağlasığmaz fantaziyalarmı canlandırır beynində?

Mən uşaq olanda tez-tez yuxuda uçardım. Yerə də qar dənəsi kimi asta toxunardım. Hər toxunuşum uzun bir məsafəni uçmağıma səbəb olardı. Elə indiki kimi…

Maraqlıdır görəsən divarın o tərəfindəki qonşunun ağlında indi nələr var? Bəs bir mərtəbə aşağıdakı qoca nənə indi nə fikirləşir? Qonşu binada yaşayanlar, bütün şəhər əhli, kəndlərdəkilər, digər ölkələrin insanları, uczus-bucaqsız dünyanın sakinləri bu dəqiqə nə düşünürlər? Qocası-cavanı, kasıbı-varlısı, xəstəsi-sağlamı, evlisi-evsizi, işlisi-işsizi, qızı-oğlanı, imanlısı-imansızı, oğrusu-hakimi bir sözlə hər cür insanı hərəsi bir şey istəyir, hərəsinin bir ehtiyacı var.

Bütün bu istəkləri, fikirləri, arzuları elə indi bu dəqiqə Bilən, Görən və Eşidən biri var. Onun adı Allahdır. O Allah ki, qaranlıqda qarışqanın ayaq izlərini görür. O Allah ki, bizə şah damarımızdan daha yaxındır və dilimizlə deyə bilmədiyimizi belə bilir. O Allah ki, bizi yoxdan var edib. O Allah ki, bizi insan etməklə şərəfləndirib. Allahın sadəcə bizi yaratmağı bizə verdiyi dəyərin nə qədər böyük olduğunun sübutudur. Üstəlik bizə bu dünyada doğru-düzgün yaşaya bilməyimiz üçün yol göstərməsi ayrıca bir lütfdür. Bu da azmış kimi bizi bu dünyadan sonra əbədi qalacağımız Cənnətinə dəvət etməsi, orada bizim üçün saysız gözəl nemətlər hazırlaması insanın Allah qatındakı dəyərindən xəbər verir. Biz Allahdan gəlmişik və bir gün Allaha geri dönəcəyik.

Sadəcə bir şey yazmaq üçün başladığım mövzu özüm də bilmədən gəlib Allahla bitdi. Hər şeyin əzəli Allahdır və hər şeyin axırı Allahdır. Allah Görəndir, Allah Eşidəndir.

Mən bunu anladım!

Rx.

Bakı, 17 İyun 2016

Bir cavab yazın