AĞ CANAVAR, QARA CANAVAR…

     Təzəcə bişmiş yeməyi qəfil gələn qonağın qabağına qoyub “biz indicə yemişik, siz nuş eliyin” deyən ev yiyələri hara getdilər? Gözü o yeməyin dalınca qalsa da səsini çıxartmayan utancaq uşaqlar indi hansı evlərdə var?

     Qonşusuna evinin açarlarını verib “biz kəndə gedirik bizim güllərə su tökərsiniz” – deyib heç bir narahatlıq keçirmədən gedib bir aydan sonra gələn qonşular necə oldular? Qonşusunun evinə yalnız güllərə su tökmək üçün girən qonşular qalıbmı heç?

     Dostuna “mən iş dalınca başqa şəhərə gedirəm, mənim ailəmdən muqayət olarsan” – deyib, aylarnan dostundan arxayın olan kişilər niyə indi yoxdurlar? Dostunun ailəsindən yalnız həyat yoldaşının vasitəsilə xəbər tutan, kişisi evdə olmayan evə girməyən əsl dost kişilər haradasınız?

     Bir qohumunun ehtiyacı olanda öz ehtiyacını unudub, qohumuna köməyə gedən qohumlardan görən varmı?

     Xəstəyə yalnız ziyarət borcunu yerinə yetirmək, bir az da özünü göstərmək üçün deyil, xəstəyə ürək-dirək vermək üçün, onun ağrısına şərik olmaq üçün əliboş da olsa ziyarət edən kasıb amma səmimi insanlar vardı bir zamanlar. Onları tanıyan varmı?

     Bu suallar insanı ağrıdan suallardı, amma cavabları ondan da betərdi. Bu suallara cavab vermək istəyəndə insanın içindən bir ağrı cərəyanı keçir və o cərəyandan insan sanki iki hissəyə bölünür. İnsanın bir hissəsi həmin gözəl hissləri yaşamaq istəyən, insanlara şərtsiz inanmaq, güvənmək arzusunda olan, qarşısına çıxanların hamısına fərq qoymadan yaxşılıq eləmək istəyən sağ tərəfidi. Digər hissəsi isə yaşamaq uğrunda mübarizə adı ilə hər şeyə ehtinasız yanaşmağa üstünlük verən, dostluğu, qohumluğu, hətta sevgini belə hesablarla yaşayan sol tərəfdi. Eyni ilə bir Çin rəvayətində deyildiyi kimi. İnsanın içində iki canavar var. Biri ağ canavarbır, digəri isə qara canavar. Ağ canavar yaxşılıqlar etmək, insanları sevmək, səbirli və səbatlı olmağı istədiyi halda, qara canavar kin bəsləmək, təkəbbürlü olmaq, nifaq salmaq kimi pisliklər istəyir. Bu canavarlar durmadan bir-biriləri ilə mübarizə aparırlar. Qalibi isə sən təyin edirsən. Hansını çox bəsləsən o da qalib gələcək.

     Qara canavarı bəsləməyə üstünlük verənlər burdan sonrasını oxumasınlar! Yerdə qalanlarına isə sözüm var. Daha doğrusu xahişim var:

     Ey ağ canavarlar bəsləyənlər! Ey ürəklərində hələ də yaxşılıqlar olanlar! Ey böyüklərə hörmət edib, kiçiklərə mərhəmət edənlər! Ey insanları sevib, onları bağışlamağı bacaranlar! Sizi and verirəm Uca Allaha bir-birinizə laqeyd olmayın! Yaxşılıqlar etməkdən yorulmayın! (qarşılığını almasanız belə)

     Bizim yaşamağımız üçün bir-birimizin ətini yeməyimizə eytiyacımız yoxdur. Biz insan övladıyıq. Hər vasitə ilə bizə heyvanlar kimi mübarizə aparmaq təlqin olunur. Bütün filmlər, məşhur kitablar, televiziya və internet bizə yalnız güclüləri təbliğ edir və yalnız güclü olmaqla yaxşı yaşamağın mümkün olduğunu söyləyirlər. Bunların nəticəsidir ki, insanlar başqasının acısına bu qədər laqeyddirlər. Başqasının həyatı onlar üçün dəyərsiz bir şeydir.

     Qarşınıza çıxan insanlardan soruşun ki, həyatda ən böyük hədəfləri nədir? Böyük əksəriyyət uğur qazanıb, rahat həyat sürmək olduğunu deyəcəklər. Əksəriyyət həyatın gözəlliyini bahalı əşyalara sahib olmaqda görürlər. Bu əşyaların dalınca qaca-qaca yolda düşürüb itirdiklərindən isə xəbərsizdirlər. Onların ardınca gedib itirdiklərini toplasan görəcəksən ki, əsl dəyərlər elə bunlarmış. Axı əsl zənginlik çox şeyə sahib olmaq deyil, az şeyə ehtiyacın olmaqdır.
Məhəmməd Peyğəmbər (Allahın ona salamı olsun) bir hədisində belə deyir: “Az olub kifayət edən ruzi, çox olub amma kifayət etməyən ruzidən xeyirlidir”.

     Bir tərəfdən mövzunu bitirmək istəyirəm, o biri tərəfdən də daha çox söz demək istəyirəm. Dostlarım deyirlər mövzuları qısa edim. Çünki uzun yazıları çox adam oxumur. Mən də çalışıram buna əməl edəm. Bizdə niyə facebookun twitterdən daha populyar olduğunu, oxumalı saytlara isə heç marağın olmadığını beləcə anlayıram.

Rx.

Bakı 26 May 2015

Bir cavab yazın