Sonda gülə bilmək üçün əvvəldə ağlamaq gərək.

Ana bətnindəki uşaq dünyaya gəlməzdən əvvəl qayğılarla dolu bir dünyada formalaşır. Yeri istidi, sakitdi, təhlükəsizdi. Yemək dərdi çəkmir, susuzluq dərdi çəkmir, aclıq hissi yoxdu. Yəni bildiyiniz Cənnətin kiçik bir guşəsində dünyadan xəbərsiz ömür sürür. Və o gün gəlir ki, artıq bu Cənnəti tərk etmək lazımdı. Günün birində o bəxtəvər insan (hələ ki, insan olduğundan da xəbəri yoxdu) özünün sevimli dünyasından ayrılıb bizə qoşulacaq.

Dünyaya gələn uşağın keçirdiyi hissləri təsəvvür etməyə çalışın. Soyuq, ya da ola bilsin isti bir otaqda (hər halda temperatur ananın bətnindəkiylə eyni olmayacaq), hər yerdə işıqlar yanır, insanlar ora-bura tələsir. Biri əsəbi, digəri sevincli nəsə danışırlar, gətirirlər, aparırlar. Bu arada hələ tanımadığı anası sevindiyini bəhanə edib doğuşun verdiyi ağrılardan astadan ağlayır.

Elə bu dəmdə yekəpər bir tibb bacısı dünyadan xəbərsiz bu məxluqa həyatının ilk şokunu yaşadır. Yanına samballı bir sillə vurur. Körpə üçün şok olan bu sillə o tibb bacısı üçün həyatının ləzzətidir. Tibb bacısı işlədiyi bu uzun illər boyu neçə belə körpəni öz qüdrətli silləsi ilə ağlatmışdı.

Şüuraltı ağ vərəq kimi, ya da yox ağ vərəq də mövcuddur axı. Daha dəqiq belə deyək: şüuraltı bir vakum kimi boş olan bu insancığın dünyada öyrəndiyi ilk şey və hələ mahiyyətini dərk etmədən, yəni şüurunda süzgəcdən keçirtməyə macal tapmadan şüuraltına ötürdüyü ilk məlumat o olur ki, mənim gəldiyim yer haradırsa çox təhlükəli yerdir. Hava dəyişkəndi, məndən başqa da canlılar var. Hər tərəfdən təhlükə yağır. Qarnım acdı, üşüyürəm və s. Və o, insan parçası instiktiv olaraq gəldiyi yerə öz kiçik cənnətinə geri dönmək istəyir. O vaxt ağlı olsa və bunu bacarsa dönərdi də, amma ixtiyarı öz əlində deyil artıq. Artıq gecdi mənim balam sən bizimləsən. Dünyaya xoş gəldin!

Hər şey hələ indi başlayır. İndən sonra sən nələr öyrənəcəksən, nələr hiss edəcəksən, nələr yaşayacaqsan? Yaxşı ki, hamısını birdən öyrəmnəyəcəksən. Hər şeyi yavaş-yavaş, hərif-hərif öyrənəcəksən. Yıxılaraq yeriməyi öyrənəcəksən, qışqıraraq danışmağı öyrənəcəksən. Ağlamağı, gülməyi, sevinməyi, kədəri, ağrını, ləzzəti, sevməyi, nifrəti, sevindirməyi bir sözlə yaşamağı ömrünün axırına kimi hər gün, hər an öyrənəcəksən. Amma səni heç vaxt rahat buraxmayan bir hiss itirdiyin o kiçik qayğısız dünyanı bu böyük dünyanın içində yenidən yaratmağa vadar edəcək. Daima isti, rahat, qayğısız bir dünyada yaşamağa çalışacaqsan. Lakin bunun üçün də özünü soyuğa, narahatlığa, təhlükəyə alışdırmalı olacaqsan. Bu da belə bir paradoksdur. Rahat yaşamaq üçün narahat olmalısan. Sonunda isə axtardığın rahatlığın yaşadığın dünyada olmadığını anlayacaqsan…

Hə, tamam yadımdan çıxmışdı bütün bunların bir də sonu var. Amma o haqda sonra danışarıq. İndidən ürəyini sıxmayım. Bir də ki, ürəyini niyə sıxırsan ee? Bu son yalnız sənin üçün deyil ki… Gözünün gördüyü hər bir şeyin bir sonu gələcək. Bütün gözəlliklər, sevdiyin rənglər, sevdiyin yerlər, əşyalar, ay, günəş, bütün insanlar tanıdığın və tanımadığın hər kim və hər nə varsa bir gün sadəcə olmayacaq.

Bəziləri yavaş-yavaş həyatından su kimi süzülüb gedərkən, bəziləri bunu qəfildən edəcəklər. İlk doğulduğun gündə sənə vurullan o sillənin yüz qatını vurub, səni növbəti sevdiyinin gedişini gözləməyə tərk edəcəklər. Və sən sevdiklərinin səni itirəcəyi saata qədər sevdiklərini itirməkdə davam edəcəksən. Bütün ömrün boyu sevdiklərinin ardınca axıtdığın göz yaşlarını günün birində borc verdiyin pul kimi son damlasına qədər sənə qaytaranda anlayacaqsan ki, bütün bu göz yaşlarını özün üçün axıtmısanmış. Görəcəksən ki, azanla iqamə arasındakı qısa həyatında sən nələr yaşamısan, nələr görmüsən. Bu ömrü yaşayarkən bir gün axıtdığın hər damla göz yaşından tutmuş, söylədiyin hər sözə qədər sənin üçün nə qədər dəyərli ola biləcəyini heç düşünməmişdin də. Halbu ki, sənin axtardığın əsl Cənnət məhz o göz yaşları və sözlərlə əldə edilir. Söylədiyin hər gözəl sözü mərhəmət göz yaşları ilə sulamasan onun Cənnət adında bağa cevriləcəyi imkansızdır.

Ağlayırdın ey insan, sən dünyaya gələndə,

Sevinib gülürdülər, insanlar yan-yörəndə.

Özün üçün gün ağla, elə işlər gör ki sən,

Onlar ağlayan zaman, sevinəsən, güləsən!

Rx.

Bakı, 23 İyun 2016.

Bir cavab yazın