BÖHRAN YALNIZ İQTİSADİ OLMUR…

Bu günün ən dəbdə olan mövzusu İQTİSADİ BÖHRAN və axırımız nə olacaq sualıdı. Artıq insanlar bu haqda o qədər fikir eşidib və internetdə (çünki başqa şey oxumuruq) oxuyublar ki, mövzu ciddiliyini də itirib hətta zarafat obyektinə çevrilib. Kimi bu krizisdə höküməti qınayır, kimi Amerikanı və Avropanı, ən azmışlar isə bütün günahı İslam dinində axtarırlar. Çox təəssüf ki, ən optimist proqnozlar belə yaxşı heç nə vəd etmir. Görünən odur ki, 2016-cı il iqtisadi baxımdan nəinki ürəkaçan olmayacaq, əksinə ürəkdağlayan olacaq. İqtisadi böhran dediyimiz zadın ən pis nəticəsi isə aclıq və yoxsulluqdur. Bəlkə məni qınayanlar olacaq, amma məncə hətta aclıq və yoxsulluqda belə sadəcə maddi vəziyyəti düşünmək, onu müzakirə etmək və yalnız ona görə narahat olmaq insanlıq üçün ən təhlükəli olan haldır. Əgər bizim ən qorxduğumuz şey aclıq və yoxsulluqdursa onda vay bizim halımıza. Axı biz yoxluğun nə olduğunu görmüş bir xalqıq. Nə tez unutduq ən yaxın keçmişimizi? Məyər saatlarla çörək növbəsində durub, sonra da aldığı yarıbişmiş yarıçiy çörəyi yaxınları ilə paylaşan biz deyildikmi? Nədənsə mənə elə gəlir ki, o zaman bizim üzümüz bu günkündən çox gülürdü. O zaman biz daha səmimi idik. Bir-birimizə bu günkündən daha möhkəm bağlı idik. Çünki iqtisadi böhran və müharibə günlərini yaşasaq da İNSANLIQ BÖHRANI hələ gəlməmişdi. Hələ də bir-birimizin kədəri bizi kədərləndirir, sevinci bizi də sevindirirdi. Bax elə bütün bu yaşadıqlarımız bu son cümlədəkilərin yavaş-yavaş yerini dəyişməyindən doğdu. Bir-birimizim kədərinə sevinib, sevncinə kədərləndiyimizə başladığımız gündən bəri hər şey bizdən uzaqlaşmağa başladı. Bəzilərinin uğuru digərlərini narahat eləməyə başladı. Kiminsə pis gündə yaşamağı kiməsə xoş getməyə başladı. Bunun niyə olduğunu, nə səbəbdən insanların qəlblərinin bir-birindən uzaqlaşdığını heç o insanların özləri də izah edə bilməzlər. Amma əlbət də ki, hər şeyin bir səbəbi var.

Tarix boyu Allah bizim millətə çox şanslar verib. Hər dəfəsində biz dünənimizi unudub nankorluğa üz qoyduğumuzdan əlimizdə olan nemətlərin heç bir bərəkəti olmayıb. İndi də eyni aqibəti yaşamaq təhlükəsi ilə üz-üzəyik. Allah bizə müstəqillik verdi, var-dövlət verdi, İslama olan illərdən bəri qoyulan qadağanı üzərimizdən götürdü və bizə imanın qapısını açdı. Daha nə istəyirik ki? Bu qədər nemətin qədrini bilmədikdən sonra nəyin şikayətini kimə edirik? Özümüzü yenə aldadırıq. Yoxsulluq nankorluğun qarşılığıdır, nankorluğu isə biz özümüz edirik. Kasıbın malına göz tikməklə, zəifə zülm edib, güclünün qarşısında ikiqat əyilməklə, tərbiyəsiz və şərəfsizləri nümunəvi insanlar kimi təqdim etməklə, varlını daha sivil, kasıbı isə geridəqalmış hesab etməklə, ziyalını qanmazdan ayıra bilməmək, ya da ayırmaq istəməməklə, imanlı insanlara hər cür adlar qoyub o gözəl dinimizi məsxərəyə qoymaqla, vəzifəni və vəzifədə olanı gözümüzdə böyüdüb ali insan dərəcəsində görməyimizlə əslində ən qorxulu böhranı yaratmışdıq. İndi isə bu insanlıq böhranının labüd sonluğu olan maddi böhranı istənmədən gələn hörmətsiz qonaq kimi məcbur qarşılayırıq. Düzdür insanlığın aradan qalxması qlobal bir məsələdi. Bu tək bizim millətin problemi deyil. Amma bizdən də yan keçmir deyə bu haqda ciddi fikirləşmək lazımdı.

Bütün yuxarıda dediklərim çox vacib məsələlərdi. Lakin bizim bir millət olaraq heç də bunlardan kiçik olmayan bir problemimiz daha var. Məni bu problem son vaxtlar çox düşündürür və hər dəfə bu haqda düşünəndə ümidsizlik hissi məni bürüyür. Açığını deyim ki, mən həmişə pessimist olmaqdan qaçmışam. Elə indi də tam pessimist əhvalda deyiləm. Lakin məsələnin ciddiliyinə diqqət çəkmək lazımdı və bu zaman optimist olmaq çox çətindi.

Məsələ ondadır ki, bu gün biz bir millət olaraq ətrafında birləşə biləcəyimiz heç bir dəyərə, ideyaya və ya liderə sahib deyilik. Biz nə müsəlman kimi İslamın ətrafında bir ola bilirik, nə Türk kimi türkçülüyümüz bizi birləşdirə bilir. İslam dinini hərə bir cür başa düşür və hər kəsin də mütləq onun anladığı kimi anlamasını istəyir. Halbu ki, İslamın təməl prinsiplərində fikir ayrılqları olmadığı üçün ən azından tək Allahın, onun Peyğəmbərinin və Quranın ətrafında birləşə bilərik. Geridə qalan xırdalıqları qoy alimlər araşdırsınlar və nəticə çıxartsınlar.

Türkçülüyə gəldikdə isə, təəssüflə demək istəyirəm ki, iki yüz ildən bəri Rusiya imperiyasının apardığı antitürk təbliğatı heç SSRİ zamanında belə “uğurlu” olmamışdı. Biz 20-30 il, hətta 50 il bundan əvvəl bu gün olduğumuzdan daha çox Türk idik. Bizim müstəqil ölkəmiz var deyə fərqli millətdən olmağımız ya da özümüzü fərqli millət kimi tanımağımız vacib deyil. 28 ərəb ölkəsi var və hər biri özünü ərəb millətindən hesab edir. Sadəcə yaşadıqları coğrafiya və mühit fərqi var. Halbu ki, biz Türk öğlu Türkük və Türk dünyasının otasındayıq. Bizim sağımız da solumuz da Türk millətləridir. Biz Qafqazın həqiqi Türk sakinləriyik. Cəmi 150 il bundan əvvəl Osmanlı ərazilərindən Qafqaza köçmüş ermənilər özlərini bizdən daha çox qafqazlı sayırlar. Hamısı da ona görədir ki, onlar yalandan da olsa bir böyük ermənistan ideyasına sahibdirlər. Yaponiyada 200 il öncəyə biznesplanı olan şirkətlər var. Biz isə bir millət olaraq nəinki 100 il öncəyə heç bir ideya və strategiyaya sahib deylik, hətta keçmişimizi belə inkar etməklə məşğuluq. Mən inanmıram ki, bu gün bir sorğu aparılsa bu millətin yüzdə əllisi özünü Türk hesab etsin. Bu misraları ürək ağrısı ilə yazıram, amma bunlar bir reallıqdır.

Biz həmişə mütəfəkirlərimiz, elm adamlarımız və ziyalılarımızla fəxr etmişik. Mən indi də inanıram ki, dünyada poeziyaya bizim qədər bağlı olan çox az millət var. Heç bir millətdən Nizami Gəncəvi çıxmayıb. Şeyx Nizami xəmsəni yazanda ən yaxın qonşumuz olan ruslar oxuma-yazma belə bilmirdilər. Amma indi?… Alın sizə bir yekə böhran daha.

ZİYALI BÖHRANI. Mənim tanıdığım ən son ziyalı rəhmətlik Toğiq Hacıyev idi, ona da vida etdik. Azərbaycan türkcəsi himayədarsız qaldı. Əlbət də yenə ziyalı insanlar mövcuddur. Amma ziyalı mühiti artıq mövcud deyil. Bu nəyə bənzəyir bilirsinizmi? Azərbaycanın futbol üzrə yığma komandasının üzvləri hər kəs öz evində məşq edir və özünü ən yaxşı futbolçu hesab edir. Bu futbolçulardan bir komanda düzəlmirsə, onlar tək-tək heç kimə lazım da deyillər. Eləcə də ziyalılarımız. Belə görünür ki, biz qarnımızın dalınca qaça-qaça başımızı itirmişik.

 

P.S. Görün sizə neçə cür böhrandan danışdım. Biz hələ də maddiyata görə narahat oluruqsa və yuxarıda dediklərimin heç biri bizi qarnımızdan çox narahat etmirsə, onda biz elə ac qalmalı millətik. Yox əgər bizim üçün maddiyatdan daha vacib dəyərlər varsa, onda Uca Allah bizi darda qoymaz. Mən buna inanıram, sizin də inanmağınızı istəyirəm və gələcəyə ümid edirəm. Hər bir millət nəyə layiqdirsə, ona da sahibdir. Bundan artığına sahib olmaq istəyiriksə, bundan daha layiqli olmalıyıq.

Rx.

Bakı, 18. Dekabr 2015.

Bir cavab yazın