Cəbrayıldan danışacam.

         Cəbrayıldan danışacaqdım…

     İsti avqust günündə, Bakıdakı mənzilimdə kondisionerin iki addımlığında yanımda qəhvəm qarşımda isə ən son model komputerim. İnsana bu həyatda rahat yaşaması üçün nə lazımdırsa, hamısı əlimin və artıq çoxumuzun əlinin altındadır. Hər kəsin evində fasiləsiz isti-soyuq sudan tutmuş, yüksək sürətli internetə qədər adi bir şeyə çevrilib. Bir neçə dəqiqəlik elektrikin kəsilməsi və yaxud internetin olmaması əksəriyyətimizdə əsəb hissi oyadır və həmən an o interneti verən (yaxud da kəsən) şirkətin bütün kollektivi “yad” edilir. Narazılığın və əsəbin səbəbinə baxın siz Allah. Demək ki, insan yaşadığı mühitə asan alışırmış. Rahatlığını, müasir dillə desəm komfort zonasını tərk eləmək müasir insana ən ağır gələn işlərdən biridir. Müasir insana…

     Yəqin mən müasir ola bilməmişəm. Lap elə yaxşı da eləmişəm olmamışam! Müasir olub erməniyə qardaş deməkdənsə, müasir olub millətimi təhqir edənlərə olunan bir jestdən narahat olub, onu özünə təhqir sayıb utanmaqdansa (utanmaq: həyalı olmaq mənasında deyil), müasir olub təki avropalının bizdən xoşu gəlsin deyə öz millətini aşağı tutmaqdansa, müasir olub dünyadakı bütün millətləri, dilləri və dinləri bəyənib, öz xalqını isə daim ikinci sort insan gözündə görməkdənsə elə köhnənin köhnəsi olmağı ondan üstün tuturam. Qoy məni kim necə istəyir elə də qınasın. Mən bu xalqı, bu torpaqları, bu ölkəni müasir insanların sevdiyi kimi sevmək istəmirəm, sevməyəcəm də. Kəndcim Vaqif Bayatlı demişkən:

Mən səni sakitcə, yavaşca
sevmək istəyirəm.
Tanrıdan yazılan tək,
bir balaca quş öz balaca yuvasının
küncünə qısılan tək.

     Yuxarıda rahatlıqdan və komfortdan əbəs yerə söz açmamışdım. Bəlkə çoxları buna o qədər də diqqət etməyiblər amma qəribə bir hal diqqətimi çəkir. Nə qədər rahat şəraitimiz olsa da, yenə o şəraitsiz evimiz üçün darıxırıq. Şəraitimiz yaxşılaşdıqca darıxmağımız da artır nədənsə. Şəraitsiz deyəndə ki, bu günki şəraitlə müqayisədə şəraitsiz sayıla bilər. Halbu ki, 25 il əvvəl Cəbrayıldakı küçələrin təmizliyi heç indi də Bakıda yoxdu. Bunu tam səmimi və mübaliğəsiz deyirəm. O vaxtı görənlər və xatırlayanlar var Allaha şükür.

     Bizim öz torpağımız üçün darıxmağımız Bakıdakı indiki yaşayışımıza görə naşükürlük deyil, əsla ola da bilməz. İnsan doğulub boya-başa çatdığı yer üçün həmişə darıxır. Bu insanın xilqətində və xislətində var.
Müsəlmanlar Məkkə şəhərində olanda ilkin olaraq qiblə Qüdsdəki Məscidul-Aqsa idi. Muhəmməd(Allahın ona salamı olsun) peyğəmbər müsəlmanlarla birlikdə məcburən Məkkədən Mədinəyə hicrət etdikdən sonra daima ürəyi Məkkədə idi. Sonunda Allah əl-Bəqərə surəsindəki bu ayəni nazil etməklə Peyğəmbərin(Allahın ona salamı olsun) həsrətinə son qoydu. “Biz sənin üzünün göyə tərəf çevrildiyini gördük və Biz səni razı qalacağın qibləyə tərəf döndərəcəyik. Sən üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin!” (əl-Bəqərə, 144)

     Mənim həyatda bəxdim çox gətirib. Allah məni müsəlman edib, mənə sağlam bədən verib, məni ev-eşik, ailə-uşaq sahibi edib və bir də mən Cəbrayılda doğulmuşam. Bu da Allahın bir nemətidir. Amma Cəbrayıllı olmaq gözəl olduğu qədər də məsuliyyətlidir. “Mən Cəbrayıllıyam” deyən adam ən az iki dəfə fikirləşsin və bilsin ki, Cəbrayılın igid oğlanları bizim boynumuza elə bir məsuliyyət qoyublar ki, onu daşıya bilmək üçün hər hərəkətinə fikir verməli, hər sözünü düşünüb deməlisən.

     Ümumiyyətlə Azərbaycanımın hər bölgəsinin insanları bir başqa cür seçilirlər. Dünyanın bu kiçik guşəsində daha nələr yoxdu? Müxtəlif iqlim qurşaqlarından tutmuş, nefti, qazı, dənizi, dağları, çölləri, çayları və s. Bu zəngin müxtəlifliyin içində kiçik bir rayonun adının bu qədər böyük olması onun insanlarının zəhmətidir. Cəbrayıl adının bu qədər böyük səslənməsi üçün Şikarlar, Mehmanlar, Elbruslar, Şakirlər, Tiqanalar, İlqarlar, Həsənlər və adlarını çəkmədiyim yüzlərlə igid oğlanlar canlarından keçiblər, sözlərindən keçməyiblər. Bu adın verdiyi güc və məsuliyyətlə Ramil Səfərov Azərbaycan bayrağının şərəfini öz həyatından üstün tutdu. Kim bilir hələ qabaqda bizi hansı soydaşımızın hansı igidlikləri gözlüyür. Qoy növbəti uğurumuz Qartalın təpəsində Azərbaycan bayrağının dalğalanması ilə yekunlaşsın inşəAllah!

P.S. əslində yazıya başlayanda Cəbrayıl haqqında xatirələrimdən danışmaq istəyirdim. Amma mövzu və biraz da son vaxtların sıxıcı hadisələri mənə çox təsir etdiyindən giriş bir az uzun oldu. İnşəAllah mövzunun davamında xatirimdə qaldığı qədər Cəbrayılda keçirdiyim qayğısız və qayğılı günlərdən yazacam. Emosiyalar imkan versə!!!

Rx
Bakı. 14.08.2015

1 Şərh

  1. Togrul

    Təqdirəlayiq bir başlanğıcdır. Şəxsən mənə bu xatirələr çox maraqlı olardı) davamı gəlsin!

    Cavabla

Bir cavab yazın