Cəbrayılın məktəbləri – 1

Bir daha hamınızı xoş gördük. Fasilə çox uzun oldu deyə yenidən sizinlə hal-əhval tuturam. Bu aralar işlərimin çoxluğundan fikrimi toplayıb bir şey yaza bilməmişəm – deyib, canımı qurtarmaq istəyərdim, amma əslində mən tənbəl adamam. Ya da ilhamım tənbəldi gec-gec gəlir. İki dəqiqədə günahı boynuna atmağa bir şey tapdım. Bir də ki, tez-tez yazanda da maraqsız olur, duzu qaçır elə bil. Bir az da belə davam eləsəm deyəsən sizi də günahkar çıxardacam, ən yaxşısı mən susum və yazmağa davam edim.

Yazılardakı məntiqi ardıcıllığa əsasən mən bu dəfə məhəlləmizdən, digər adıyla məşhur “jildomdan” və Cəbrayıldakı başqa məhəllələrdən danışmalı idim. Lakin mən məktəb mövzusu ilə davam etmək istəyirəm. Məndə elə bir hissiyyat var ki, sanki Cəbrayıl elə məktəblərdən ibarət idi. Bilmirəm belə bir statistikanı aparan olub ya yox, amma mənə elə gəlir ki, Cəbrayıldakı peşə sahibləri arasında saylarına görə müəllimlər birinci yerdədi. Elə bir ev, yaxud ailə olmazdı ki, bir müəllim üzvü, ya da müəllim qohumu olmasın. Özü də müəllimlər böyük hörmət və ehtiram sahibləri idilər. Bir tərəfdən də düşünürəm ki, müəllimlərin çox olmasının səbəbi elə bu sənətə olan hörmətin nəticəsi ola bilərdi.

Ya müəllimlərin çoxluğundan, ya da şagirdlərin çoxluğundan o kiçik Cəbrayılda üç orta məktəb var idi. Mənim təhsil aldığım M. Qorki adına 1 saylı şəhər orta məktəb (sonradan Mehdi Mehdizadə adına oldu), Cəmil Əhmədov adına məktəb və İnternat məktəbi. Hər üç məktəbin özünəməxsus bir-birindən seçilən və tam fərqli müəllimləri və şagirdləri vardı. Bunun səbəbini deməyə çətinlik çəkirəm, çünki elə bir kəskin səbəb yox idi. Sadəcə olaraq hər məktəbin öz üslubu var idi ki, bu da fərqli görünüş yaradırdı.

İnternat məktəbi bizim yaxınımızda idi. Bizim məhəllə ilə, yəni jildom ilə internatı çaylaq ayırırdı. Çaylağın üstündəki qirmizi dəmir körpü isə bu ayrılığı birləşdirirdi. Cəbrayılda çox şeyi unutmaq olar, amma o qirmizi dəmir körpü nadir bir parça idi. Onun üzərində ayaqlarını tappıldada-tappıldada addımlamaq, qarşıdan gələnlərə nəzakətlə salam verib sonra da yol vermək unudulmaz hissdir. Hələ qışda qar yağanda o dəmir körpü uşaqlar üçün buzlu poliqona, böyüklər üçünsə keçilməz bir səddə çevrilirdi. O körpünün ortasında duranda Şəyaq və Ağyol çox aydın görünürdü. Körpünün altında isə yaz aylarında sel gələndə gur sular axardı. Yay axşamlarında qurbağaların səsi kəsilməzdi caylaqda. Dəmir körpünü elə tərifləyirəm ki, elə bil Tibet dağlarında rahiblərin meditasiya məkanından danışıram. Adamın lap körpünün ortasında oturub meditasiya eləməyi gəlir.

İndi deyəcəm ki, körpüdən düşən kimi sola gedirsən, deyəcəksiniz ki, yenə körpü? Mən nə edim ki, Cəbrayılda hara getsən bir körpüdən keçməlisən. Elə Cəbrayılın özünə gəlmək üçün Xudafərindən keçmək lazım deyildi bir vaxtlar? Mən deyirəm ki, gəlin yığışaq uzun bir körpü düzəldək. Bir ayağı Bakıda, bir ayağı Təbrizdə, bir ayağı Dərbənddə, bir ayağı İrəvanda, bir ayağı Göyçədə, bir ayağı Şuşada, bir ayağı da Cəbrayılda olsun. Amma dəmirdən olmasın paslana bilər, daşdan da olmasın sökülə bilər, taxtadan da olmasın çürüyə bilər. Ən yaxşısı ətdən, sümükdən və qandan olsun ki, bizim kimi hiss edə bilsin, bizim kimi yaşaya bilsin. Qoy o da bizim kimi ağrı çəkə bilsin, bizim bütünümüz olsun, xalqımız olsun, millətimiz olsun, gələcəyimiz olsun. Azərbaycan adlı bir körpümüz olsun bizi dünyanın dərələrindən, çaylaqlarından keçirsin…

Bu abzats burada olmalı deyildi, nəisə ürəyimdən gəldi yazdım. İnternat məktəbindən danışırdıq deyəsən. İnternat məktəbi iki korpusdan və bu korpusları birləşdirən koridordan ibarət idi. Korpuslardan birində dərslər keçilir, digərində isə tələbələrin gecələmələri üçün otaqlar var idi. Bəzi ucqar kəndlərdə 10 illik məktəb olmadığı üçün 8-ci sinifdən sonra təhsilini davam etdirmək istəyənlər İnternat məktəbinə yazılırdılar. Orda həm yaşamaq, həm də oxumaq mümkün idi. Həmçinin burda şagirdlərə məktəbli paltarı da verilir və gündə üç dəfə yeməklə təmin olunurdular. Amma bu məktəbin bir başqa özəlliyi də var idi. İnternat məktəbi həm də fizika-riyaziyyat təmayüllü məktəb idi. Orda Sahib müəllim dərs deyirdi ki, onun da tələbələri ali məktəb imtahanlarında riyaziyyatdan həmişə yüksək qiymətlər alırdılar. Sahib müəllim bizim binada birinci blokda birinci mərtəbədə bloka girən kimi sağdakı mənzildə yaşayırdı. Nəyə görə bu qədər dəqiq təsvir edirəm? İkinci blokda eyni mənzildə o vaxt rayonun prokuroru Rasim müəllim yaşayırdı. Sahib müəllim həmişə fikirli olardı və bir dəfə dərsdən yenə fikirli evə qayıdanda ikinci bloka girib, qapını döyüb və Rasim müəllimin anası qapını açıb. Sahib müəllim heç nə demədən ayaqqabısını soyunub otağa keçib və deyib ki, çay gətir. Rasim müəllimin anası da çaş-baş halda “xoş gəlmisiniz Sahib müəllim” deyəndə kişi anlayıb ki səhv gəlib. Sakitcə üzr istəyib və çıxıb evinə gedib. Bax belə fikrini dərsinə və tələbələrinə vermiş bir müəllim idi Sahib müəllim. Mən onun şagirdi olmamışam, məhlədə də heç vaxt səsisni eşitməmişəm deyə səsi heç yadımda deyil. Amma görünüşü dəqiq yadımdadı. Arıq, orta boylu, yeriyəndə asta addımlarla yerə baxa-baxa yeriyərdi. Əynində açıq krem rəngli plaşı, başında da elə təxminən o rəngdə şlyapası olardı. Çox vaxt da şlyapasını iki əli ilə arxasında tutaraq gəzərdi.

İnternat məktəbinin direktoru Osman müəllim idi. Yeri gəlmişkən o da bizim məhəllədə, yəni jildomda yaşayırdı. O da çox mülayim adam idi. Ciddi və hörmətə layiq ağsaqqal idi. Amma ən yaxşı tanıdığım müəllim Cəmil müəllim idi. Çünki bizim evlərimiz alt-üst idi. Bizim arxa balkondan Cəmil müəllimgilin bağları görünürdü, o da çox vaxt o bağda ağacları sulayar, ləkləri düzəldərdi. Cəmil müəllimin saçı heç vaxt yadımdan çıxmaz. Gümüşü rəngdə, həmişə sığallı, düz və parlaq saçları vardı. Ətrafımızda o qədər müəllim var idi ki, özümüzü evdə də məktəbdəki kimi hiss edirdik. Amma Cəmil müəllimə müəllim kimi baxa bilmirdim. Həm mənə dərs demədiyi üçün, həm də uşaqlıqdan onu bir qonşu kimi tanıdığım üçün daha çox ona Cəmil dayı deyirdim. Allah hamısına rəhmət eləsin!

İnternat məktəbində Cəbrayılın Tarix Diyarşünaslıq muzeyi yerləşirdi. Muzeyin rəhbəri isə Tariyel Abbasov idi. O muzeydə çox olmuşam. Əvvəla onu deyim ki, muzey çox zəngin idi. Hətta indiki ölçülərə görə kifayət qədər qiymətli və tarixi keçmişi olan eksponatlara malik idi. O muzeyin nəzdində mən iki kurs bitirmişəm. Biri fotoqraf sənəti öyrədən kurs idi. Kursun müəllimi isə fotoqraf Vilayət idi. Digəri isə Fars dili və Əski əlifba kursları idi. Bu kursu da Mamed müəllim keçirdi. Hər ikisində çox həvəs və məsuliyyətlə oxuyurdum. Şəhadətnamələri hələ də məndə qalıb.

Dediyim kimi mən İnternat məktəbində oxumadığım üçün daha geniş yaza bilməyəcəm. Gələn dəfə Cəmil Əhmədov adına məktəbi biraz yada salıb, keçərik mənim oxuduğum M. Qorkiyə. Bu dəfəlik bu qədər…

 

Rx.

Bakı, 30 sentyabr 2015

Bir cavab yazın