Dəyər, yoxsa Qiymət?

Vicdanlılıq və adillik çox dəyərli şeylərdir,
ucuz adamlardan dəyərli hədiyyələr gözləməyin!

Vudi Allen

     Pulla alınmayıb, lakin pula satıla bilən şeylər var həyatda. Biz bunlara dəyərlər deyirik. O dəyərlər əllə tutulmaz, gözlə görülməz, dadı bilinməz, iyi gəlməz, köhnəlməz, xarab olmazlar. Amma o dəyərlərin qəribə bir özəllikləri var ki, onlara dəyər verdiyin müddətdə səninlədirlər. Elə ki, dəyər verdilməli olan şeylərə dəyər deyil, qiymət verməyə başladın, onlar sattıq mala dönürlər. Nə demək istədiyimi bir az daha geniş açıqlayım ki, ağlınızdakı suallar sizi yormasın.

     Azərbaycan Dilinin İzzahlı lüğətində «dəyər» sözünün ilk sinonimi «qiymət» sözüdür. Yəni lüğətə görə «dəyərli əşya» sözünü «qiymətli əşya» sözü ilə əvəz etməkdə heç bir qəbahət yoxdur. Elə mənim də qəbul edə bilmədiyim şey budur. Mən dəyər sözünün qiymət söz ilə əsla sinonim olmadığına inanıram. Çünki qiyməti olan hər bir şey satılmağa hazırdır. Dəyəri olan bir şeyi satmaq istəyirsənsə əvvəl ona qiymət qoymalısan. Qiymət qoyduğun andan isə dəyər ortadan qalxar. Beləliklə də dəyər və qiymət sözləri mənim anlamımda əsla sinonim deyillər. Lakin bu sözlərə antonim də demək olmaz. Sadəcə dəyər və qiymət sözləri fərqli mənaları özündə ehtiva edən sözlərdir və bu sözlərdən istifadə etdikdə onlara diqqət etmək lazımdır. Mənim anlamımda dost və dostluq qiymətli ola bilməz, dəyərli olmalıdır. Eləcə də Vətən dəyərlidir, əsla və əsla qiymətli deyildir.

     Bu mövzuya daha əvvəl bu şəkildə heç baxmayan dostlarım məni doğru anlasınlar. Amma bir həqiqət var ki, biz danışdığımız zaman bəzi sözləri düşünmədən tələffüz etsək də şüurumuzda o sözlərin həqiqi mənası iz qoyur. Yəni qəsdimiz dəyərli olduğunu bildirmək olsa belə hətta bir dostumuza «mənim qiymətli dostum» deyə müraciət ediriksə, biz o dostumuza qiymət qoyuruq və bəlli bir qiymət müqabilində o dostumuzu sata bilərik. Yuxarıda da dediyim kimi, dostluq, sevgi, iman, vicdan, vətən sevgisi, ədalətli olmaq, sədaqət, dürüstlük və s. siyahını siz də istədiyiniz qədər uzada bilərsiniz qiymətli deyil, dəyərli olmalıdırlar.

     Dəyərli şeylərin daha bir qəribə xüsusiyyəti var. Bir şey satılırsa deməli ortada bir satıcı, bir alıcı və sattıq olan şey var. Normalda satılan satıcıdan alıcıya keçir və satıcı bunun müqabilində maddiyyat əldə edir. Lakin dəyərli olmalı olanlara qiymət qoyub satarsansa onlar alıcıya keçmirlər. Sanki ortada yox olurlar. Dostluğu pula sata bilərsən amma pulla ala bilməzsən. Bir adamı əqidəsini satmağa məcbur edə bilərsən amma o əqidə sənə keçməyəcək və sənin malın olmayacaq. Bu səbəbdən də həyatımızdakı dəyərli və qiymətli şeylərin ünvanları fərqlidir. Dəyərlilərin yeri qəlbimiz, qiymətlilərin yeri isə əlimiz olmalıdır. İman qəlbdə, dünya isə əldə olmalıdır. Bunların ünvanı dəyişərsə, insan dünyanı itirməkdən qorxar, iman isə hər zaman satılmağa və ya itirilməyə hazır olar.

     Bəzi şeylər də var ki, qiymətli olduğu halda hər hansı bir səbəbdən dəyərə çevrilir. Məsələn bir gənc zərgərdən nişan üzüyü alır, sonra isə sevdiyi qızın barmağına taxır. O üzük bir müddət əvvəl zərgərin yanında qiyməti üstündə sattdıq bir əşya idi. İndi isə heç bir qiymət qarşılığında satılması mümkün olmayan bir dəyərə sahibdir.

     Mənim ən böyük arzularımdan biri isə Azərbaycan adlı hər cür sərvətə və qiymətli şeylərə sahib olan bu məmləkətə qiymətli vətən kimi yox, dəyərli vətən kimi baxan insanları görə bilməkdir. Baxmayaraq ki, bu torpağın altı da, üstü də qiymətlərlə zəngindir bizim gözümüzdə onlar dəyər olmayınca kimsə bu vətən uğrunda heç nəyindən keçməyəcək.

     Calışın qiymətləri dəyərə cevirəsiniz. Dəyərlər qiymətə çevrildikcə həyatımız böyük bir ticarət mərkəzinə çevriləcək və orda satılmayan heç nə qalmayacaq.

Rx

Bakı 04. Mart 2015

Bir cavab yazın