Dilim-dilim olan Ana Dilim!

Hər şeydən yerli-yersiz şikayət etməyi xoşlayan adam deyiləm, amma dil mövzusuna laqeyd olmağı özümə rəva bilmirəm. Çünki hər bir xalq öz dili vasitəsilə danışıb bir-biri ilə ünsiyyət qurur, dərdini paylaşır, sevincini bölüşür. Hərə öz dilində hisslərini ifadə etmək üçün şerlər yazır, hekayələr qələmə alır. Eyni dildə danışan insanlar bir-birilərini daha asan başa düşürlər və qarşılıqlı hisslərini daha dəqiq çatdıra bilirlər. Dediyim odur ki, insanları daha da yaxın edən ən birinci vasitə onların ortaq dilidir. Məhz dil vasitəsi ilə insanlar bir-birilərini tanıyırlar, məhz dil vasitəsiylə nə fikirləşdiklərini ifadə edirlər və məhz dil vasitəsiylə sevgilərini etiraf edirlər.

Hər xalqın öz dilinin olmasında ilahi bir hikmət var. Dillər müxtəlif olmasaydı insanlar dostunu düşməndən ayırmağı bacarmazdı. Biz bir-birimizi daha yaxşı tanıyaq deyə Uca Allah bizi xalqlara və qəbilələrə ayırdı üstəlik bizə ünsiyyət qura bilməyimiz üçün dil də verdi. Bu haqda Qurani Kərimin Hucurat surəsinin 13-cü ayəsində Allah Təala belə buyurur: “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq”.

Yer üzündə minlərlə dil və hər dildə də bir xeyli ləhcələr vardır. O dillər arasından Allahın bizim üçün seçdiyi dil də Türk (Azərbaycan Türkcəsi) dilidir. Belə bir gözəl dili bizə bəxş etdiyinə görə ən birinci Allaha şükr etməliyik. Azərbaycan Türkcəsinin nə qədər gözəl dil olduğuna heç kimin şübhəsi olmaz hər halda. Ən azından bu dildəki əsərlərə nəzər salmağımız buna bir daha əmin olmağımız üçün kifayət edər.

Dil, bu gün və sabah işimizə yaradığı kimi, dünənimizi və tariximizi də yaşadır. Dilimizin tarixi birbaşa xalqımızın tarixidir. Dilimizə olan laqeydliyimiz dünənimizə və sabahımıza olan laqeydliyimizdir.

Bu gün özünə Azərbaycanlı deyib, Azərbaycan Türkcəsində danışa bilməyən adamları görəndə məndə bu millətin gələcəyi ilə bağlı müsbət heç bir duyğu yaranmır. Söz ehtiyatının yarıdan çoxu başqa xalqın dilində olan Azərbaycan Türkləri, nitqində yalnız ana dilində olan sözlərdən istifadə edənlərə ikinci sort adamlar kimi baxması isə bu vəziyyəti daha da faciəli hala gətirir. Bu gün əksər ziyalıların (ziyalı sözünün yerinə başqa söz tapa bilmədiyim üçün yazdım) ailəsində Azərbaycan Türkcəsində ünsiyyətin payı yüzdə iyirmidən artıq deyil. Eyni zamanda məmurların da ailələrində oxşar vəziyyət hökm sürür. Ən acınacaqlısı da odur ki, Azərbaycan Türkcəsində danışa bilməmək yüksək mədəniyyətin əlaməti kimi tanınmağa başlayıb. Bəziləri isə hətta Azərbaycan Türkcəsində danışmaqdan utanır. Cəbrayılda bir məsəl vardı deyir: “öküzü öldürməknən adını üstündən götürə bilməzsən”.

İndi nə qədər öz dilini unutmağa çalışsan da, nə qədər başqasının dilində danışıb özünü mədəni göstərməyə çalışsan da sən Türk olmaqdan qurtula bilməzsən. Ona görə də daha da hörmətli olmaq istəyən insanlar, türklər demiş “kəndinizə gəlin”. Sən özünə nə qədər hörmət qoyursansa o qədər hörmətlisən.

Azərbaycan Türkcəsində danışmağa üstünlük verən soydaşlarım: siz bu məmləkətin əsl sakinləri və sahiblərisiniz. Heç bir zaman bu gözəl dildə danışmaqdan əl çəkməyin və yorulmayın. Bilin ki, bu dilin mövcudluğu bizi başqa millətlərə qarışmamağımız üçün ən vacib amildi. Azərbaycanı sevən, özünü əsl Türk hesab edən və övladlarını gələcəkdə qürurlu bir xalqın nümayəndələri kimi görmək istəyən ilk növbədə dilini qorumalıdır. Dili qorumaq üçün sadəcə o dili sevib, o dildə danışmaq kifayətdir. Bunun üçün nə pul xərcləməyə nə də başqa əziyyətə düşməyə gərək yoxdu.

 

P.S. Bir məsələni qeyd etməyi özümə borc bilirəm. Bir neçə dil bilib və o dillərdə sərbəst danışan insanlara böyük hörmətim həmişə var. Amma bir neçə xarici dil bildiyi halda öz Ana dilində mükəmməl danışan və danışmağa üstünlük verənlərə ondan da böyük hörmətim var.

 

 

Rx.

Bakı 23 İyun 2015

Bir cavab yazın