DUYĞULU VƏ DUYĞUSUZ İNKİŞAF

Bu günlərdə dostum Baba Ağayev facebookda belə bir status paylaşmışdı: “Oxuduğunuz ən yaxşı menecment kitabı hansı olub?”.

İlk baxışdan sıradan və normal olan bu status çoxdan düşündüyüm və diqqət etdiyim bir məqamı mənə xatırlatdı və bu yazını yazmağıma səbəb oldu.

Bildiyim qədər biznes, şəxsi inkişaf, uğur, marketing, menecment və s. mövzularda yazılan kitablar son 100 ilin məhsullarıdır. Halbu ki, biznes dediyimiz hadisə min illərdir ki, “ticarət”, “alış-veriş” adı ilə mövcuddur. Lakin nədənsə klassiklərdən heç kim sırf bu mövzulardan bəhs edən əsərlər yazmamışlar. Ticarətin insanların həyatındakı yeri min il əvvəl də bu gün olduğu qədər mühüm idi. Hər halda bunu o dövrdə yaşayan insanlar da gözəl anlayırdılar. Bəs onda niyə bu qədər əhəmiyyətli mövzunun sirlərindən və qaydalarından yazmırdılar?

Əslində yazırdılar. Həm də kifayət qədər ətraflı, geniş, ən xırda detallarıyla və içinə duyğular qataraq yazırdılar. Onlar bu günki yazarlardan fərqli olaraq inkişafın və zənginliyin sadəcə sistemi öyrənib, onu nöqsansız və güzəştsiz həyata keçirtməkdən ibarət olduğunu düşünmürdülər. Onlar ticarətin uğurlu olmasının içində insanlığın payının mühüm olduğunu anlayırdılar. Ona görə də yazılan əsərlər duyğularla dolu, insanı sarsıdan, bəzən kövrəldən, bəzən də sevindirən, ən incə hisslərini tərpədən hadisələrlə təsvir olunurdu. Bununla müəlliflər həm yazdıqları əsərlərin sevilməsinə, həm də fikirlərinin insanlar tərəfindən daha asan qəbul edilməsinə nail olurdular. Bu cür ifadə tərzinin bir digər səbəbi isə biz insanların obrazları və real həyatdan olan örnəkləri daha səmimi qəbul etməyimiz və dərs almağımızla bağlıdır. Uca Allah da insanın xüsusiyyətlərini kamil şəkildə bildiyi üçün Qurani Kərimdə müxtəlif misalar çəkməklə və ya bizdən əvvəlki insanların başlarına gələnləri rəvayət etmək yolu ilə Öz ayələrini bizə çatdırmışdır. İnsan yaranandan bu günə qədər isə onun düşüncə tərzi dəyişməmişdir. Sadəcə olaraq bizim həyat tərzimiz və məişətimiz dəyişmişdir. Min il, üç min il əvvəlki insan baş vermiş olayı necə hiss edirdisə biz də eyni cür hiss edirik.urek ve beyin

Son dövr uğur kitabları isə bu cür hissiyatlardan uzaqdır. Hətta ən məşhur təlimçilər və iş adamlarından ən sevdikləri kitab haqqında soruşanda, hansısa bir klassik əsərin adını çəkirlər. Baxmayaraq ki, özlərinin yazdığı kitablar son dərəcə konkret və qaydalarla dolu bir məcəlləni xatırladır. Mən başa düşürəm ki, mövzu iqtisadiyyatdırsa burda konkretlik olmalıdır. Amma söhbət ümumən uğur qazanmağa can atan insanlardan gedir. Bu iş isə sadəcə iqtisadiyyatın qaydalarını bilməklə olmur.

Bir çox insanın həyatında dönüş nöqtəsi deyə biləcəyi bir hadisə baş verir və insan həyata baxışını kökündən dəyişə bilir. Bu, bir müəllimin tənbehi də ola bilər, çox dəyər verdiyi bir şeyi itirməklə də ola bilər, bir kitab oxumaqla da. Əgər bu dönüşə səbəb olan şey kitabdırsa yəqin ki, o, hansısa dövlətin konstitusiyası yaxud da bir cihazın istifadəsinə dair qaydalar toplusu deyil, əksinə insanın hisslərini oyada bilən, duyğu dolu əsərlərdir.

Rusiyanın ən məşhur təlimçilərdən biri Radislav Qandapasdan soruşanda ki, ən sevdiyi əsər hansıdır? Cavabı Qoqolun “Ölü canlar” əsəri olmuşdur. Mən “Ölü canlar” əsərini orta məktəbdən bilirdim, lakin Qandapasın bu cavabından sonra o əsəri bir də Qandapasın gözü ilə oxudum və həqiqətən də şəxsi uğur və ya biznesə yanaşma mövzularında bu əsərdə kifayət qədər nümunənin olduğunu aşkar elədim.

Məşhur iş adamı Elan Mask isə müsahibələrinin birində “Qalaktikada avtostopla səyahət” kitabının onun həyatını dəyişdiyini demişdi. Əlbətdə ki, bu kitabı da tapıb oxudum. Fantastic janrda yazılmış bu bədii əsərdə açığını deyim ki, qeyri-adi heç nə kəşf edə bilmədim. Kəşf etsəydim elə mən də Elan Mask olardım yəqin. Amma görünür bəzi insanlar məhz başqalarının baxdığı yerdə onların görmədiyini görə bildiyi üçün öndə olurlar.

Əhməd Şərif İzgörenin ən dəyər verdiyi əsər isə “Alisa möcüzələr diyarında” əsəridir ki, bizim çoxumuz onu nağıl kimi oxuyub bir kənara qoyuruq.

(Əgər F. Dostayevskinin “Qumarbaz” əsərinin sonluğu qumarbaz üçün uğurlu bitsəydi indi Las Veqasda ən çox reklam olunan və satılan kitab idi.)

Şəxsən mənə ən çox təsir edən kitab Bodo Şeferin “Mani və ya pulun əlifbası” kitabı olmuşdur. Bunun da səbəbi əsərin içində duyğu bolluğunun olmasıdır hər halda.

Bu yazını yazdıqca uğur və şəxsi inkişaf mövzularındakı məşhur əsərləri yadıma salıram. Özümə haqq qazandırmaq üçün səbəblər axtarıram və deyəsən tapıram da. Görürəm ki, şəxsi inkişaf mövzusunda olan kitabların içində ən çox oxunanları insanların hisslərinə ən çox xitab edənləridir. Robin Şarmanın “Ferrarisini satmış rahib” kitabı kimi, Bodo Şkvaneferin “Mani və ya pulun əlifbası” kitabı kimi və s.

Əhməd Şərif İzgörenin kitablarının və təlimlərinin niyə bu qədər uğurlu alındığının da kökündə hər halda duyğusallıq durur.

Nəhayət çox sevinirəm ki, yuxarıda adını çəkdiyim xarici müəlliflərin sırasına bizim də həmyerlimizin adını əlavə edə bilərik. Coşqun Kərimovun “KVAN” kitabının da uğuru məhz insani hisslər və duyğularla zəngin olmasındadır. Bu kitab sizə özünüzü tanımaqda kömək edəcək bir yaddaş kitabçasıdır. Üstəlik bu yaddaş kitabçasından istifadə etdiyinizdə mənəvi zövq də alacaqsınız ki, bu da müəllifdən sizə əlavə bonusdur.

Uzun sözün qısası: müasir biznes ədəbiyyatını məlumat xatirinə oxuyun, lakin əsl insan və ədalətli bir iş adamı olmaq istəyirsinizsə klassik və müasir bədii ədəbiyyatdan uzaq durmayın. Həyatın məqsədi uğur qazanıb hər sahədə hamını geridə qoymaqdan ibarət deyil. Həyatın məqsədi geridə qalanların əlindən tutub səninlə bərabər addımlaya bilmələrinə nail olmaqdır. Bunu bacarmaq üçünsə insanları sevməlisən, onlara dəyər verməlisən.

Rx.

Bakı,  30 aprel 2016.

Bir cavab yazın