BİZ DƏ DEYİRİK GƏNCLƏRİMİZ VAR…

Uzun zamandır yeni yazı yazmıram. Daha doğrusu yaza bilmirəm. Səbəbini özüm də bilmirəm, ona görə də səbəb axtarışı ilə nə sizi nə də özümü yormaq istəmirəm. Amma yazı yazmamağım eyni zamanda həm də düşünməməyim mənasını vermir. Əksinə bəlkə də daha çox məsələ barədə eyni zamanda düşündüyüm üçün konkret bir mövzuda dayanmaqda çətinlik çəkirəm.

Bu günlərdə isə onsuz da son vaxtlar haqlarında daha çox düşündüyüm və müxtəlif səbəblərə görə qınadığım gənclər barədə xəbərləri görəndə dedim ki, daha bəsdi, bunu mütləq yazmalısan.

İrəlidə kiçik bir tarixi səfər edib müqayisə aparacam. Diqqət çəkmək istədiyim məsələnin canı odur ki, təxminən 100 il əvvəl Azərbaycanın siyasi, mədəni, ədəbi və ictimai həyatında baş verənlərdə 20 ilə 40 yaş arasındakı insanlrın, yəni o vaxtkı gənclərin rolu nədən ibarət idi? Eyni yaş qrupundan olan insanlar bu gün nələrə qadirdirlər? Nələrə sahibdirlər? Azərbaycanın bugünü və gələcəyi üçün nə edirlər?

Bir az sonra edəcəyim müqayisələri oxuyanda sizin hansı hissləri keçirdəcəyinizi bir-bir gözlərinizdən şəxsən görməyi çox istərdim. Bunu bacarmadığım üçün yalnız öz duyğularımı söyləyə bilərəm. Ən birincisi öz adıma çox utanıram. Utanıram ona görə ki, əcdadlarımızın adına layiq gənclik yaşamaqda aciz olmuşuq. Bu vətən üçün onların etdikləri qədər fədakarlıqlar etməmişik. Etmək cəsarətində və qabiliyyətində də deyilik. Elə bil indiki gənclərdə olğunlaşma və kamilləşmə prosesi 20 il gecikmə ilə baş verir. Nədənsə bu günün insanı 40 yaşına qədər hər hansı bir məsuliyyətli işin altına əlini qoymaqdan çəkinir. İnsanlarda bir natamamlıq kompleksi mövcuddur ki, bu da onları qorxaq və çəkingən edir. Hər şey bizim gözümüzə olduğundan böyük görünür. Bizə o qədər “öz işinlə məşğul ol”, “başından böyük danışma” deyiblər ki, bizim əhatə dairəmiz əlimizlə tuta biləcəyimiz qədər yaxınımızda qalıb. Məhşur bir yazıçının dediyi kimi, biz o qədər balaca qapılardan əyilərək girmişik ki, hündür qapılardan girəndə də əyilirik. Bütün bu dediklərimin isə öz-özünə baş verdiyinə inanacaq qədər sadəlöv olmadığımı da bilirəm. Bunların hamısının düşünülmüş və incəliklə hesablanmış bir işin nəticəsi olduğunu anlamaq o qədər də çətin iş deyil.

Onu da deyim ki, nə qədər də gənclərin bu günki vəziyyətindən narazı olsam da insaf xatirinə hər işin günahını da sadəcə gənclərdə görməyin düzgün olmadığını düşünürəm. Qoca həyatsevərlərin əlindən gənclər orta yaş dövründən çıxa bilsələr, nəyə qadir olduqlarını da göstərmək imkanları olardı. Amma nə edək ki, bu durum hər iki tərəfi qane edir. Biriləri məsuliyyətdən uzaq olmağın rahatlığını yaşamaqdaykən, digərləri hələ də insanlara hökm etmənin ləzzətindən doymaq bilmirlər. Bu hal bu şəkildə davam etdiyi müddətdə isə biz qoca, əldən düşmüş, hər cür həvəsdən və istəkdən uzaq olan bir xalq olaraq qalacaq, digər xalqların və dövlətlərin necə günü-gündən cavanlaşdığını kənardan müşahidə edəcəyik.

Aşağıda adları sadalanan insanlar cəmi 100 il əvvəl Qafqazda Rus Çarının və erməni terrorunun qarşısında duraraq Azərbaycan Demokratik Respublikasını qurmağı bacarmışdılar. Siz sadəcə onların yaşlarına diqqət yetirin. Yuxarıda nəyə görə utanıram dediyimin əsil səbəbi burdadır. Bu gün 20 ilə 40 yaş arasındakılar bu işləri görməyə qadirdilərmi deyə soruşsanız, çox böyük ürək ağrısı və təəssüflə yox deməyə məcburuq.

fta14
Məmməd Əmin Rəsulzadə. Təvəllüdü 1884-cü il. ADR qurulanda 34 yaşı vardı
Fətəlixan Xoyski. Təvəllüdü 1875-ci il. ADR qurulanda 43 yaşı vardı.
Nəsib bəy Yusifbəyli. Təvəllüdü 1881-ci il. ADR qurulanda 37 yaşı vardı.
Məmməd Yusif Cəfərov. Təvəllüdü 1885-ci il. ADR qurulanda 33 yaşı vardı.
Əliağa Sıxlinski. Təvəllüdü 1865-ci il. ADR qurulanda 53 yaşı vardı.
Səmədbəy Mehmandarov. Təvəllüdü 1885-ci il. ADR qurulanda 33 yaşı vardı.
Ceyhunbəy Hacıbəyli. Təvəllüdü 1891-ci il. ADR qurulanda 27 yaşı vardı.
Əlimərdan bəy Topçubaşov. Təvəllüdü 1862-ci il. ADR qurulanda 56 yaşı vardı.
Mustafabəy Vəkilov. Təvəllüdü 1896-cı il. ADR qurulanda 22 yaşı vardı.
Həsənbəy Ağayev. Təvəllüdü 1875-ci il. ADR qurulanda 43 yaşı vardı.
Mirzə Əsədullayev. Təvəllüdü 1875-ci il. ADR qurulanda 43 yaşı vardı.
Xudadatbəy Rəfibəyov. Təvəllüdü 1878-ci il. ADR qurulanda 40 yaşı vardı.
Məmməd Həsən Hacinski. Təvəllüdü 1875-ci il. ADR qurulanda 43 yaşı vardı.
Nərimanbəy Haşım oğlu Nərimanbəyli. Təvəllüdü 1889-cü il. ADR qurulanda 29 yaşı vardı.
Behbudağa Azad oğlu Cavanşir. Təvəllüdü 1886-ci il. ADR qurulanda 32 yaşı vardı.
Əliağa Həsənov. Təvəllüdü 1871-ci il. ADR qurulanda 47 yaşı vardı.
Cəmobəy Hacinski. Təvəllüdü 1888-ci il. ADR qurulanda 30 yaşı vardı.
Xudadatbəy Məlik – Aslanov. Təvəllüdü 1879-cu il. ADR qurulanda 39 yaşı vardı.
Aslanbəy Səfikürdski. Təvəllüdü 1880-ci il. ADR qurulanda 38 yaşı vardı.
Nurməmməd bəy Şahsuvarov. Təvəllüdü 1883-cü il. ADR qurulanda 35 yaşı vardı.
Əbdüləli bəy Əmircanov. Təvəllüdü 1870-ci il. ADR qurulanda 48 yaşı vardı.
Əkbərağa Şeyxülislamov. Təvəllüdü 1891-ci il. ADR qurulanda 27 yaşı vardı.
Əhmədbəy Ömər oğlu Pepinov. Təvəllüdü 1893-cü il. ADR qurulanda 25 yaşı vardı.
Həmidbəy Şahtaxtinski. Təvəllüdü 1880-ci il. ADR qurulanda 38 yaşı vardı.

Bu siyahıdakı insanların orta yaş həddi 37-dir.

1308334954_19demo

Yuxarıdakı siyahıda yalnız dövlət xadimlərinin adları qeyd olunub. Bu siyahıya cəmi 33 yaşında dünyasını dəyişən Mikayıl Müşfiqi, 23 yaşında şərqdə ilk operanı yazan Üzeyir Hacıbəyovu, 23 yaşında dünyadan köçən Ərtoğrul Cavidi, yenə 23 yaşında vəfat edən Asəf Zeynallını və başqa bunlar kimi Azərbaycanın ədəbi-ictimai həyatında iz qoymuş gəncləri siz əlavə edin və bu siyahını uzada bildiyiniz qədər uzadın. Sonra da gəncləri “gənclər günü” münasibəti ilə ürəkdən təbrik edin.

4

Bütün narazılıqlarıma baxmayaraq mən də gənclərimizi təbrik edirəm və onlara sadəcə gəncliyi yaşamaqlarını deyil, həm də bu gənclikdən millətin və dövlətin rifahı üçün istifadə etmələrini arzu edir və təmənna edirəm.

Rx.

Bakı, 31. Yanvar 2016.

Bir cavab yazın