Beləcə mən də Cəbrayıllı oldum. Ura!!!

2013-11-11 11.10.32Yenə Cəbrayıldan danışacam amma bu dəfə lap əvvələ gedəcəm. Ta 1974-cü ilə, bəlkə biraz da o yana. Əvvəlki yazımda demişdim xatirimdə qalan qayğısız və qayğılı günlərdən danışacam. Əvvəlcə qayğısızlar gəlir təbii olaraq. Ona görə də Cəbrayılın mənim uşaqlıq illərimə təsadüf edən, bəlkə bu səbəbdən mənim gözümdə gözəl görünən günlərindən başlayacam. İki səhifə yazı yazmışam hələ də başlayacam deyirəm. Ağlımda o qədər gözəl xatirələr var ki, hansından başlayıb hansında qurtaracağıma qərar verə bilmirəm deyə belə edirəm. Amma mən yenə də oxucunu bezdirmədən bir yerdən başlasam yaxşıdı.

Bəri başdan deyim ki, bu yazıda da, bundan sonrakı Cəbrayıl barədə yazılarımda da çox detalçılığa yol verəcəm. Bunu bilərəkdən edirəm ki, Cəbrayılı mən necə görmüşəm və necə xatırlayıramsa, oxucu da elə təsəvvür etsin. Mən bunun tarix olduğunu və hər yazılan xatirənin gələcəkdə bir tarixi sənəd ola biləcəyini yaxşı anlayıram. Əfqan yazıçısı Xalid Hüseyninin kitablarını oxuyanlar məni yaxşı anlayarlar.

Cəbrayılın mərkəzində, möhtəşəm çinar ağacının yanından yuxarı yol qalxırdı. Çinar tərəfdən qalxanda yolun kənarında Bank və Maarif idarəsi yerləşirdi. Hardasa iki yüz metrdən sonra yol sola burulurdu və sağındakı yanğınsöndürən məntəqəni keçib (Qəşəmin mavi Moskviçi də həmişəki yerindədi) avtovağzala gedirdi. Tam o yolun sola dönən hissəsinin sağ tərəfində mərkəzi xəstəxana yerləşirdi. Xəstəxananın ərazisi çox böyük idi. Dəmir darvazadan içəri girdikdən sonra sağda və solda bir və nadir hallarda iki mərtəbəli korpuslar düzülmüşdü. Korpuslar çox köhnə və bəziləri indiki meyarlara görə yararsız halda idi. Darvazadan girən kimi sağ tərəfdə yaşayış binası vardı. Hələ də o binanın mənzilmi, yoxsa yataqxanamı olduğunu anlaya bilməmişəm. Həmən o binada dörd ya beş ailə yaşayırdı ki, onlardan da biri Səfərovlar ailəsi idi. Ramilin doğulub uşaqlığını yaşadığı bina. Allah Nubar xalaya rəhmət eləsin! Məni uşaqlarından ayırmazdı. Bildiyimə görə Sahib dayı yeni ailə quranda bir müddət mənim nənəmgildə kirayədə qalıblarmış. Sonra hər ikisi xəstəxanada işlədikləri üçün həmən evi onlara veriblər.

Əslində o ərazi xəstəxana olmazdan əvvəl hərbi hissə olmuşdu. Sovet ordusunun sərhəd zastavası sonradan Mahmudlu kəndinə köçənə qədər orda yerləşirmiş. Hərbi şəhərciyin ərazisində isə rus dilində təhsil verən orta məktəb də varmış. Mənim böyük xalam Fatma orta məktəbi rus dilində o hərbi hissədə bitirmişdir. Təsəvvür edirsiz? Altmışıncı illərdə ucqar bir rayonda rus dilli təhsil. Ondan kiçik Suqra xalam isə bir neçə sinif rus dilində oxuduqdan sonra hərbi hissə Mahmudluya köçdüyünə görə təhsilini M. Qorki adına məktəbdə davam etmişdir. Boşalan hərbi hissənin yerində isə xəstəxana fəaliyyətə başlamışdı.

Bütün bunları deməkdə məqsədin var. Həmən o şəraitsiz və sterilizasiya anlayışının indiki gözlə baxanda bərbad olduğu xəstəxananın cərrahiyə şöbəsində düz qırx bir il bundan əvvəl keysəriyyə əməliyyatı ilə sağlam uşağın dünyaya gəlməsini təsəvvür edirsinizmi? 2015-ci ildə Bakının mərkəzində tam steril özəl klinikalarda bu əməliyyatdan sağ çıxmayanlar var. Vahid həkim bu əməliyyatın cərrahı, Nubar xala isə onun tibb bacısı idi. Dünyaya gələn (ya da gətirilən) uşaq isə mən idim.

Beləcə mən də Cəbrayıllı oldum. Ura!!!

Rx
Bakı 15.08.2015

Bir cavab yazın