“nə xoş təsadüf…”

Təsadüflərə inanmasam da gözləmədiyim bir hadisə, yaxud dalbadal oxşar hadisələr baş verəndə bunları başqa cür izah edə bilmədiyimdən mən də dildə təsadüf sözünü işlədirəm. Hardan baxsan bizim üçün səbəbini bilmədiyimiz hər şey təsadüfdür. Yalnız nə olacağını, nə vaxt və necə olacağını qabaqcadan bilən üçün heç nə təsadüf deyil. Biz isə sadəcə insan olduğumuzdan, bir də təsadüf sözündən bəlkə də zövq aldığımızdan bu sözü istifadə edirik. Çünki bizim zəif bir məxluq kimi təsadüflərdən doğan sürprizlərə ehtiyacımız var. Uca Bir Yaradana iman edən və hər şeyin Onun iradəsi ilə baş verdiyinə inanan insanlar (mən də onlardan biri olduğumu düşünürəm) həyatda heç nəyin təsadüfən baş vermədiyini yəqin bilirlər. Amma nə edək ki, bu cür şeylərə təsadüfdür deməklə məsuliyyətdən yaxa qurtamaqdan asan yol icad edə bilməmişik.

Yaxşı, əgər ətrafımızda baş verənlər təsadüf deyilsə onda nədir? Əgər təsadüf deyilsə, deməli qanunauyğunluqdur. Bəs bu, nəyin qanunauyğunluğudur? Əlbət də ki, bilavasitə bizim düşüncələrimizdən tutmuş həyat tərzimizə qədər, ailə üzvlərimizdən tutmuş dostlarımıza qədər, iş yoldaşlarımızdan qonşularımıza qədər hər bir kəsin bizim həyatımıza bilərəkdən, ya bilməyərəkdən etdiyi müdaxilələrin qanunauyğunluğu. Bəli-bəli səhv başa düşmədiniz. Hətta tanımadığımız adamların belə bizim həyatımızda yeri və müdaxiləsi mümkündür. Amma mən indi tanımadıqlarımizdan deyil, daha çox seçimləri öz əlimizdə olanlardan danışmaq istəyirəm. Həm də yalnız insanlardan deyil. Çünki həyatımıza təsir edə bilənlər yalnız insanlar deyil. Bu amilləri mümkün qədər az qruplarda birləşdirməyə çalışdım ki, hər biri haqqında ayrıca təfəkkür edib bir az düşünək. Düşünək demişkən elə ən birincisi və ən vacibi DÜŞÜNMƏK olduğu üçün ondan başlamağa qərar verdim. Yəni, düşündüm…

DÜŞÜNCƏ.

Bizim həyatımızın axınına təsir edən amillərdən ən mühimi bizim şəxsi düşüncələrimizdir. Bəzi şeyləri seçə bilmək imkanımız olmaya bilər, amma düşüncələrimiz tam olaraq bizim hökmümüz altındadır. İnsan ən azından öz beyninə hakimdir. Əlbət də hərdən əksinə də rast gəlirik, lakin öz beyninə və düşüncələrinə hakim olmayanlardan danışmağa və onları müzakirə eləməyə dəyməz. Onsuz da bizim onlara bir faydamız toxunmayacaq. Ona görə də irəlidəki sözlər düşünə bilənlərə aiddir. Düşünmək insanı digər canlılardan fərgləndirən ən mühim qabiliyyətdir. Allah insana düşüncə qabiliyyəti verməklə onun üzərinə etdiklərinin cavabdehliyini də qoymuşdur. İnsanın bu mövzuda ilk diqqət eləməsi lazım olan da elə budur. Düşünə bilmək, məsuliyyət deməkdir, məsuliyyət cavabdehlikdir, cavabdehlik etdiklərinin qarşılığına qatlanmaqdır. Qarşımıza çıxanların bir qismi bizim düçüncələrimizin nəticəsidir və bunlara təsadüf deyib məsuliyyətdən yaxa qurtarmağa çalışmaq sadəcə özünü aldadıb növbəti səhvə zəmin yaratmaqdır. Təsadüfü deyil ki, Allahın insandan ən çox tələb etdiyi şey düşünmək, təfəkkür etmək və anlamaqdır. Bu barədə Qurani Kərimdə çoxlu sayda ayələr mövcuddur. Qurani Kərimin Muhəmməd surəsinin 24-cü ayəsində Allah belə buyurur: “Məgər onlar Quran haqqında düşünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdır?”. (Ayənin sonundakı “Yoxsa qəlbləri qıfıllıdır?” sözünə ayrıca toxunacam) Düşünmək haqqında ayələr o qədər çoxdur ki, hamısını sadalamağa ehtiyac görmürəm və ayrıca mənə elə gəlir ki, bir ayə belə düşünən üçün kifayət etməlidir. Düşünmək bizim yalnız bu dünyadakı həyatımızda deyil, axirət həyatımızda da təsirini göstərən qabiliyyətdir. Fizika qanunlarına görə iki şey eyni zamanda və eyni məkanda ola bilməz. Bunu həmçinin fikirlərimizə də şamil edə bilərik və doğrusu da budur. İnsanın ağlında eyni vaxtda həm pis, həm də yaxşı fikir ola bilməz. İnsan nə qədər gözəl düşünərsə o qədər də gözəl əhvalda olar və gözəl əhvalda olan adam gözəl əməllər edər. Etdiyimiz hər bir əməlin qarşılığı isə o əməlin qismindən olur. Sonuncu cümlə İslam şəriətində bir qaydanın adıdır. “Mükafat və cəza edilən əməlin qismindəndir”. Məsələn: İnsanlar Allahı unudarlarsa Allah da onları unudar, insanlar Allahı yad edərlərsə, Allah da onları yad edər. El dilində desək “nəyi əkərsən, onu da biçərsən”. Bütün bunlar onu göstərir ki, biz nə cür düşünürüksə, o cür hadisələrlə qarşılaşırıq. Emerson deyir ki: “Dualarınıza diqqət edin, həyata keçə bilərlər”. Kiçik bir düzəlişlə biz də belə deyə bilərik ki: “Düşüncələrinizə diqqət edin, həyata keçə bilərlər”.

Bura qədər məncə hər şey çox aydındır. Biz həyatımızı, gələcəyimizi düşünərək qura, dəyişə və idarə edə bilərik. Düşüncələrimizin bizim həyatımıza verdiyi istiqamətdən asılı olaraq qarşımıza çıxacaq olanlara təsadüf deyib keçməsək görərik ki, hər şeyi özümüz planlamışıq. Əgər bu məsələdə mənə etibar etməkdə tərəddüd edirsinizsə Napaleon Hillin “Düşün və Varlan” kitabını oxuya bilərsiniz. Zənnimcə bu kitab düşünməklə nələrin əldə edilə biləcəyi haqqında oxuya biləcəyiniz ən gözəl kitabdır.

Xülasə: ağlınızı ən pozitiv fikirlərlə, həyatınızı ən gözəl hadisələrlə, ətrafınızı ən maraqlı və sadiq insanlarla zəngin edin. Sizi xöşbəxt etməyən nə olursa olsun ondan imtina etməkdə qərarsız olmayın. Sizi xöşbəxt edə biləcək nə varsa ona nail olmağa can atın və nail olun. Bax o zaman qarşınıza çıxan gözlənilməz hadisələr sizin üçün təsadüf deyil, sizin özünüzün hazırladığınız gözəl fikirlərin məntiqi sonluğu olacaqdır. Onda deyəcəksiniz: “nə xoş təsadüf…”

 

P.S. Yuxarıda gətirdiyim Quran ayəsində “Yoxsa qəlbləri qıfıllıdır?” sözü yəqin ki, sizin də düqqətinizi cəlb etdi. Ümumiyyətlə Quranda və Peyğəmbərin hədislərində düşünmək, iman gətirmək, dərk etmək kimi ifadələr qəlblə əlaqələndirilir. Müasir elm ürəyin funksiyasının yalnız qanın damarlardakı dövrünü təmin etməkdən ibarət olduğunu deyir. Lakin nə qədər qəribə də görünsə mən Allahın kəlamlarında gizli bir hikmətin olduğuna inanıram. Bəlkə də bəziləri məni mövhumatçı da adlandıracaq, amma bu bir həqiqətdir ki, Allah bizi bizdən yaxşı tanıyır. Bir çox müasir elmi araşdırmalar və kəşflər barəsində 1400 il bundan öncə Allahın Kitabında və Peyğəmbərin hədislərində işarələr olduğu artıq heç kimə sirr deyil. Bəlkə də nə vaxtsa insanlar ürəyin daha əhəmiyyətli bir orqan olduğunu aşkar edəcəklər. Peyğəmbərin hədislərindən birində deyilir: “bədəndə bir ət parçası var ki, əgər o sağlam olarsa bütün bədən sağlam olar, əgər o xəstə olarsa bütün bədən xəstə olar. Və o, qəlbdir.” Hədisin əvvəlində isə söhbət halal və haramdan gedir. Deməli burdakı sağlam olmaq təkcə fiziki sağlamlıq deyil, həm də mənəvi sağlamlıqdır. Dolayısı ilə biz qəlbimizlə inanırıq, qəlbimizlə sevirik, qəlbimizlə nifrət edirik, qəlbimizlə hökm veririk və qəlbimizin səsi ilə yaşayırıq.

Qəlbinizi iman, ehsan, səmimiyyət və mərhəmətlə doldurun ki, qəlbiniz hər zaman sağlam olsun!!!

 

Rx.

Balı 13 aprel 2015

Bir cavab yazın