Yaddaşımın ən dərinliklərindən.

Siz heç yaddaşınızdakı ən köhnə xatirənin nə vaxt baş verdiyini dəqiq bilirsiniz? Yada salmağa çalışın və baxın görün o zaman sizin neçə yaşınız var idi. Əksəriyyətdə bu, 4 ya 5 yaşa təsadüf edəcəkdir. Bəzi günlük məişət hadisələri yaddaşda o qədər də dərin iz qoymurlar. Amma əlamətdar bir hadisə baş verdiyində və bu hadisə sənin ömründə bir dəfədən çox olmursa, yaddaşımız onu qoruyub saxlayır. Sanki gələcəkdə bu məlumata ehtiyacımız olacağını qabaqcadan bilir. Bəzi sıradan hadisələri yadda saxlamağı bacarmadığımız kimi, bəzi əlamətdar hadisələri də unuda bilmirik. Amma unutduqlarımız yadda saxladıqlarımızdan dəfələrlə çoxdur. Məsələn mən Cəbrayılda gördüyüm hər şeyi yadda saxlasaydım, sizin işiniz bitmişdi.

Məşhur İslam alimi İbn Həcər deyir ki, “unutqanlıq qabiliyyəti Allahın insana verdiyi nemətlərdən biridir”. Bu həqiqətən belədir. Təsəvvür edin ki, həyatımızda baş verən hər bir hadisə bütün detallarına qədər hər an yaddaşımızdadır. Bu hissiyatla insan nə qədər yaşaya bilər və ümumiyyətlə bu cür insanın üzü gülərmi? Daima keçmişi düşünərək yaşamaq, arxa görünüş güzgüsünə baxa-baxa avtomobili irəli doğru sürmək kimi bir şeydi. Gec-tez yoldan cıxacaqsan. Deməyim odur ki, çox da xatirələrə qapanmayın. Hərdən yada salın, dadını çıxardın və irəliyə baxmağa davam edin. Bu dünya üç gündən ibarətdir. Biri, artıq geri gəlməsi mümkün olmayan dünən idi. İkincisi, nə olacağını bilmədiyimiz sabahdır. Üçüncüsü isə yaşadığımız bu gündür. Bu günü isə keçib gedən gündən dərs alıb elə yaşamalıyıq ki, sabahımız ürəyimizcə olsun. Mənim də keçmişi qurdalamaqda məqsədim gələcəyimizi daha sağlam qura bilməyimizin istəyindəndir. Nə isə, mövzudan çox uzaqlaşmadan kəndimə gəlsəm yaxşı olar.

Kəndim demişkən: mənim öz yaddaşımdakı ən köhnə xatirəm babamın vəfat etməsi ilə bağlıdı. Səhf eləmirəmsə 1978-ci il idi. İlk dəfə idi ki, valideylərimin üz ifadələri mənim daha əvvəl görmədiyim şəkli almışdı. Bəlkə ona görə bu hadisəni unuda bilmirəm. Dörd yaşında bir uşağın insan itkisini dərk edə bilməməsi səbəbindən böyüklərin bu cür davranmaları mənə qəribə gələ bilərdi. Heç kimdən heç nə soruşmadan babamgilin kənddəki həyətinin girişində bir qum təpəsinin üstündə oturub o tərəf bu tərəfə gedən qəmgin və qayğılı insanlara baxırdım. Onlar da elə bil məni görmürdülər. Elə bil həmişə kəndə gələndə əzizlənib öpülən uşaq mən deyildim. Bu dəfə mən diqqət mərkəzində deyildim. Bunun səbəbini dərk edə bilməsəm də anlayırdım. Hər dəfə bu hadisə yadıma düşəndə xatirimdəki fraqmentlər gözümün önündə canlanır. O qədər də çox şey yadıma düşmür. Ən çox tozlu uzun yol və yolun sonundakı dəstə-dəstə duran insanlar yadımdadı. Böyük bir ərazinin içində kiçik bir ev və evin qarşısındakı tövləni xatırlayıram. Bir də nə qədər qəribə də olsa babamın üzünü heç unutmamışam. Yəqin sonralar babamın şəklini həmişə divardan asılı gördüyüm üçündür. Amma onun gur, uzun, ağ saçları dəqiq yadımdadı. Çünki nə o dövrdə nə də ondan sonra o cür saçları olan kişi görməmişdim. Övladlarından heç birində elə saç yoxdu.

Dediyim kimi bu hadisə yaddaşımda çox az fraqmentlərlə qalıb. Amma bu, mənim xatırlaya bildiyim ən köhnə hadisədir. Ondan sonra xatırladığım böyük hadisə iki ildən sonra 1980-ci ildə birinci sinifə getməyimlə bağlıdır. Bu arada dəllək Hacının mənə velosiped soz verərək başımı aldatdığı da olmuşdu, amma o barədə danışmasam yaxşıdı.

Mənim ilk dolğun xatirəm məhz birinci sinifə getməyim və məktəb illəri ilə başlayır. Hər halda artıq altı yaşında ağlı başında bir uşaq idim. Məcburən keçdiyim dərsləri yadımda saxlamağa başladığım zamandan ətrafda baş verənləri də yavaş-yavaş dərk etməyə və yadda saxlamağa başlamışdım. Hər bir normal insan kimi. (Axırıncı cümləni elə qurdum ki, elə bil yer üzündə bu qabiliyyət ancaq mənə verilmişdi).

Məktəbə hazırlıq və ilk dərs günü sanki xüsusi ayinləri və atributları olan bir mərasim idi. Heç nəyi dəyişmək, pozmaq olmazdı. Hər şey ideal olmalı idi. Baldırımın ortasına qədər uzanan üstündən də sentyabr ayında sandal geydiyim ağ corabdan tutmuş, əlimdəki nənəmgilin bosdanından dərilmiş artıq solmaqda olan güllərə kimi. Hələ məktəb çantamızdakı taxta peçenyə və Buratino limonadının butılkasındakı qaynadılmış suyu demirəm. Butılkanın ağzına da ya uşaq tərəfindən açılması heç cür mümkün olmayan şampan probkası taxılardı, ya da heç bir tutacaq yeri olmayan, dırnaqla belə çətinliklə açılan balaca ağ plastmas probka. Bildiyiniz işgəncə aləti.

Məktəb mövzusu uzun və xırdalıqlarla zəngin bir mövzu olduğu üçün bu haqda ayrıca söhbət edərik. Ən maraqlı söhbətlərimiz hələ qabaqdadı. Qismət olsa davam edərik inşəAllah.

 

Rx

Bakı, 21 Avqust 2015

Bir cavab yazın