Yarımçıq qalan gənclik və qırx yaşındakı gənclər.

Bu aralar diqqətimi çəkən bir məsələ barədə danışacam. Son vaxtlar yaşı 35-45 (rəqəm 5 yaş intervalında dəyişə bilər) arası olan insanların daha fəal olduğunu və hər-hansı bir sahədə özlərini təsdiq edib uğurlar əldə elədiklərini müşahidə edirəm. Bu müşahidəmdə yanılıram ya yox bilmirəm, amma onu bilirəm ki, bu yaş qrupuna aid insanlarda nəsə bir şey var ki, o şey nə cavanlarda, nə də onlardan yaşlılarda yoxdur. Naməlum “keyfiyyətin” axtarışı ilə gedib çıxdım 90-cı illərə. Yəni bu insanların formalaşıb cəmiyyətin bir fərdi olduqlarını dərk eləməyə başladıqları illər. O illərdə nə baş verdi, necə oldu ki, bu nəslin düşüncəsi, həyata baxışı, hətta davranışları belə başqa yaş qrupundan olanlardan fərqli oldu? Mən özüm də o nəsildən olduğum üçün bütün təhlilləri özümün bilavasitə yaşadıqlarım və hiss etdiklərim üzərində quracam.

Orta yaş qrupundan olan bu insanların taleyinə bəlkə də tarixin ən anormal bir dönəmini yaşamaq nəsib olub. Nəyə görə anormal dönəm dediyimi birazdan başa düşəcəksiniz. Bəziləriniz artıq başa düşmüsünüz.

Bizim uşaqlıq illərimiz Sovet İttafaqının inkişaf tarixindəki zirvə illərinə təsadüf edib. Yəni 1975-1985-ci illərdə artıq inqilabı, müharibələri unutmaqda olan bir yaşlı nəsil və sovet rejiminin ideoloji bombardmanını yaşayan bir gənc nəsil vardı. Ağlımız kəsəndən eşitdiyimiz və inanmağa çalışdığımız kommunizm ideyaları, sosial bərabərlik, bəzən absurd dərəcədə olan insan haqları teoriyaları beynimizi bir narkotik kimi elə dumanlandırmışdı ki, həyatdakı ən böyük arzumuz kommunizmin qurulmasını gözümüzlə görmək və o, möhtəşəm arzuların cəmiyyətində yaşamaq idi. Elə bir cəmiyyət ki, orda nə ədalətsizlik var, nə zülüm. Orda nə kasıb var, nə varlı. Adama elə gəlirdi ki, kommunizm cəmiyyətində insanlar xəstələnib ölməyəcəklər belə. Pulun olmadığı, hər kəsin istədiyini pulsuz ala biləcəyi bir cəmiyyət. Necə də gözəl səslənir. Elə deyilmi?

Məktəbdə bizə ateizmi təbliğ edən, evlərində isə bəlkə gündə yüz dəfə tövbə edən müəllimlərimiz o dövrün idealları idi. Əslində heç kim bizə müəllimlər barədə miflər danışmırdı, lakin o dövrün uşaqlarının çoxu müəllimlərin heç vaxt xəstələnmədiyinə, yorulmadığına, hətta günlük insani ehtiyaclardan uzaq olduğuna inanırdılar. Orta məktəbdə oxuyanların hamısının gələcək haqqında yalnız bir arzusu var idi. Hər-hansı bir ali məktəbə daxil olmaq, ali məktəbi bitirib işə düzəlmək və həyatını sürdürmək. O dövrdə arzuların sayı barmaqla sayıla biləcək qədər məhdud idi. Məhz məhdud idi, az deyildi. Çünki standartdan kənar bir şey arzulamaq təhlükəli idi və böyük əksəriyyət heç arzulamağı da bacarmırdı. Sanki insanların beynindən arzulaya bilmək qabiliyyətini silib atmışdılar. Bütün bunları biz çox gec başa düşdük. İndi rahat-rahat oturub danışmağa nə var ki? Elə içi mən qarışıq! Bunları o dövrdə başa düşən oğul istiyirdim.

Məndə hələ indi də 70-ci illərdə Azərbaycanda Sovet İttifaqına qarşı çıxan və müxtəlif təqiblər yaşayan insanların bu fikirlərə necə gəldikləri təəccüb doğurur. Demək ki, kütləvi beyinyuma əməliyyatından kənarda qalanlar mövcud idi.

Beləcə üstün cəmiyyət qurmaq həvəsi ilə alışıb-yanan, absurd arzularla yaşayan və artıq müstəqil insan olmanın astanasında olan gənclər üçün həyatlarının ən böyük şoku gəldi. Sovet İttifaqı laxladı və kommunizmin işiğı söndü. Bir neçə ilin içində silkələnən ittifaq 1991-ci ilin avqustunda rəsmən dağıldı. Dünənə qədər nəyə inanırdıqsa, bu gün ona nifrət etdik. Ən dəyərli şeylər ən qiymətsiz şeylər oldu. Bir anda hər şeyi inkar edib, ikrah hissi ilə yaşamağa başladıq. Tək bildiyimiz o idi ki, azad olmaq istəyirdik. Bəla da onda idi ki, azadlığı yaşamadığımız üçün nə istədiyimizi də dəqiq bilmirdik. Amma azadlığın pis bir şey olmadığına inanmışdıq. Sovet İttifaqının dağılması ilə azadlığı əldə edə bildik, lakin dadını çıxarda bilmədik. Ömrü boyu Türkün çörəyinı yemiş və sonda ona xəyanət etmiş ermənilərin bu dəfə də xəyanəti bizi ən xöşbəxt vaxtımızda müharibə ilə üz-üzə qoydu.

Mənim doğulub böyüdüyüm Cəbrayıl rayonu da bu müharibənin alovlarında yandı kül oldu. O alovun içində mənim yaşadığım ev, oynadığım bağça, ağaclarından meyvələr yediyim bağlar, suyundan içib sərinlədiyim bulaqlar, yorulunca təpələrinə qaçıb dirmaşdığım dağlar, uşaqlığım, keçmişim, xatirələrim və daha nələrim yanıb kül oldu. Hər şey sıfırdan başladı. Ömürdən savayı.

Artıq illərdən bəri zorla inandırıldığımız bütlər yıxılıb, yerində isə dərin bir boşluq yaranmışdı. Üstəlik bütün bunları bizə xatırladan vətənimiz də yoxdu. İnsanlar ilk tanış olduqları yeniliyə və hər çür fikirlərə inanmağa meyl etməyə başladılıar. Azadlıq gözəldi, amma bu gözəllik bizi yüz yerə böldü. Qardaşın biri İslama, digəri xristianlığa, üçüncüsü isə buddizmə meyl etdi. Birinin içinə Freyd girdi, digərinin içinə Kafka girdi, o birinin ağlında şimal küləkləri əsdi, bir başqasın başına cənub günəşi vurdu. Nə isə, sözümün canı bunlar deyildi.

Qayıdıram o dövrün gənclərinə ki, bu gün 35-45 yaşlarındadırlar və hələ də özlərini gənc saymaqda davam edirlər. Ölkədəki gənclər təşkilatlarında yaşı 40-ı keçmiş “gəncləri” gördüyümdə heç də tüüccüblənmirəm. Çünki bu, yarımçıq qalmış gəncliyi gec də olsa yaşaya bilmək istəyinin təzahürüdür. Gəncliyini Sovet İttifaqının dəfn mərasimi ilə erməni xəyanətinin müharibəsində keçirənlər itirilmiş illəri yenidən yaşamaq istəyirlər. Bu bəzən əsl gənclərin yolunda maneə ola bilər, amma bu da onların taleyidir. Bir yolunu tapsınlar.

Yazının əvvəlində də dediyim kimi bu yaş qrupundakı insanlarda digərlərində olmayan bir keyfiyyət var. Məhz o keyfiyyətin sayəsində bu gün 40 yaşını keçmiş adamlar istəsələr 42km marafon qaça bilir, saatlarla əqli və fiziki işlə məşğul ola bilirlər. Bu keyfiyyət, nə olursa olsun təslim olmamaq, ruhdan düşməmək, gələcəyə inanmaqdır. Çünki bu insanlar artıq bir neçə dəfə hər şeyi sıfırdan başlamağa məcbur olmuşlar. Həyatın eniş-yoxuşları o insanları əzmkar olmağa bir növ vadar etmişdir. İnsan fəsillərin bir-birini əvəz etdiyini həyatında yaşayıb görməsəydi, qış gəldiyində hər yerin bom-boz olduğunu, ağacların yarpaqlarını töküb quruduğunu görəndə dünyanın sonu gəldiyini zənn edərdi. Halbuki o, hər qışdan sonra bir baharın gələcəyini həyatı təcrübəsindən bilir.

Ən sonda Qarabağ müharibəsində canını verən İgidlərə Allahdan rəhmət diləyirəm! O igidlərin böyük əksəriyyəti mənim yaşıdlarım idi. İndi Azərbaycanda 1972-74 təvəllüdlü kişilərin sayı digərlərinə nisbətdə azdır. Qarabağda şəhid olanların böyük əksəriyyəti bu yaş qrupundan idi.

 

Rx.

Bakı 7 May 2015

Bir cavab yazın