YORĞUN YAĞIŞ

(hekayə)

    Yağış üçüncü gün idi, yağırdı. Sırağagün günortadan sonra elə nəriltiylə başlamışdı, elə bil, bulud indicə bütün yükünü bu kəndə boşaldıb dağların arasında əriyib yox olacaq. Özgə vaxtı kirimişcə əsən külək də yağışdan ilhamlanıb o gün bir başqa cür əsirdi; yəhərsiz-yüyənsiz yabı təki o təpədən bu təpəyə, o bağdan bu bağa keçib ağacların yarpaqlarını bir-birinə çırpırdı. Yaş yarpaqların xışıltısı naşı bəstəkarın yarımçıq nəğməsini xatırladırdı…

    Dünən də sabahdan axşama kimi dayanmadan yağmışdı. Külək ara-sıra nəfəsini dərib, dincəlsə də, əsməyindən qalmırdı. Bu gün isə yağış elə həvəssiz, elə tənbəl-tənbəl yağırdı, sanki bulud da heydən düşmüşdü – lap bu üç gündə yağışın kəsməyini gözləməkdən yorulan kənd adamları kimi. Yağışın üçüncü günü camaat yollanmışdı işlərinin dalınca. Kəndli üçün iki gündən artıq işsiz oturmaq ölümdən betərdi.  “Ölümdən betər”… Ölümdən betər nə ola bilər ki?! Ölümdən betər ölümlərin ən betəri ola bilər.

    Aprel ayının son günləri olsa da, yaz gəlib çıxmaq bilmirdi. Dağların arasındakı bu qərib kəndə hər şey həmişə gec gəlirdi; məktublar, qəzetlər, bütün yaxşı və pis xəbərlər də elə fəsillər kimi bir ay gecikməylə gəlib çatırdı. Meyvə ağacları  bir ay gec çiçəkləyib, bir ay gec bəhər verirdi. Kənd camaatı da hər il ağaclar çiçək açanda “bu il də gec çiçəklədi” deməklə keçinirdilər. Guya nə vaxtsa tez çiçəkləyirmiş. Bəlkə də nə vaxtsa tez çiçəkləyəcəyinə ümid edirdilər. Hətta bu kənddə fəsillərin zamanını bir ay irəli çəksəydilər heç nə itirməzdilər. Amma nədənsə hər şeyin həmişə gecikdiyi bu kənddə təkcə ölüm elə hey vaxtsız gəlirdi. Ya da kəndin camaatına elə gəlirdi ki, ölüm həmişə tələsir, vaxtından əvvəl gəlir. Dünən axşam o yağışlı havada ərinməz-ərinməz bu ucqar dağ kəndinə iki nəfərin ruhunu bədənindən çıxardıb aparmaq üçün gəlmişdi. Gəldi, aldı və getdi. Yağışın kəsməyini də gözləmədi, küləyin susmağını da, günün çıxmağını da, yazın gəlişini də… Gözləyə bilməzdi, çünki zaman dolmuşdu. Nə yağış, nə qar, nə isti, nə soyuq onun gəlməyinə əngəl ola bilməzdi. Vaxtı tamam olanda o gəlir, əmanətini alır, gedir.

     Dünən axşam onun kəndə gəldiyindən kimsənin xəbəri olmamışdı. Heç kimdən yolu-yolağanı soruşmamışdı. Hər halda bir kəndin bələdiyyə sədrinin kəndin ən yaxşı yerində tikilən iki mərtəbəli, seyvanlı-aynabəndli evini tapmaq o qədər də çətin iş deyil, amma kimsəsiz Mürsəl kişinin o boyda kəndin ən sonuncu evindən sonra olan daxmasını heç kimdən soruşmadan, əli ilə qoyubmuş kimi gəlib tapmışdı. Bu işlərdə ölüm çox vəfalıdı. Harda olsan gəlib tapar.

    Bələdiyyə sədrinin atasını sırağagün səhər – hələ yağış yağmağa başlamamışdan rayon mərkəzindəki xəstəxanadan evə gətirmişdilər. Cəlal həkim demişdi ki, kişini incitməyin aparın evə ürəyi istədiyi adamlarla vidalaşsın. Günortadan sonra yağış çiləməyə başlayanda sədrin yan-yörəsində sülənən, hər fürsətdə onun gözünə girməyə çalışan adamlar yağışın kişinin atası üçün yağan “rəhmət” olduğunu sağda-solda ağız dolusu danışmışdılar. Sadəcə ağız dolusu, cünki ürəklər bunu təsdiq eləməyə razı olmurdu. Ürək dildən daha cəsarətlidir. Bəlkə ona görə ki, ürəyi kimsə eşitmir. Ya da ürəyi yalnız Allah bilir deyə ürək yalan söyləməyə cəsarət etmir. Qohum-əqraba dilləri ilə nə qədər ümidli sözlər desələr də sədrin evində artıq ölümü hamı gözləyirdi. Bu dəfə ölümün bu evə mütləq gələcəyini bilə-bilə yenə də sadəlövhcəsinə onun gecikəcəyinə ümid edirdilər.

    Amma Mürsəl kişi bu gün heç kimi gözləmirdi. Xəstə olub yatağa da düşməmişdi. Mürsəl kişi artıq uzun illər idi evinə vaxtlı ya vaxtsız gələn Allah qonağını gözləməyi də tərgitmişdi. Hər səhər gün qalxmadan oyanıb sübh namazını qılandan sonra həyətə çıxar, ətrafa göz gəzdirər, hər şeyin dünən axşam qoyduğu yerində olduğuna əmin olandan sonra tövləyə tərəf gedərdi. Yolüstü əlinə bir ovuc dən alıb yay aylarında budaqlarında toyuqların yatdığı ərik ağacının dibinə atardı. Toyuqlar və ayaqlarında palçıq ayaqqabıları olan cücələr həyətin künc-bucağından ərik ağacının altına qaçar, təşəkkür və sevinc hissini andıran tələskənliklə yerdəki buğdaları dənləyərdilər. Sonra Mürsəl kişi tövlənin qapalağını götürüb divara söykəyərdi. Qapalağın nə irəzəsi vardı, nə də cəftəsi. Yan-yana səliqəsiz şəkildə kələsər məftili ilə bağlanmış, illərin nəmişliyindən qap-qara qaralmış qarğı qapalağı arxasına kötük dayayaraq qapı əvəzinə işlədirdi. Mürsəl kişi son vaxtlar qocalıb əldən düşdüyü üçün nobata gedə bilmirdi. Ona görə də qoyunları nobata qoşmurdu. Doğrudur, qonşular bir-iki dəfə nəzakət xatirinə ona özü getməsə də qoyunlarını sürüyə qoşmağını təklif etmişdi, amma Mürsəl kişi elə bəlkə də eyni nəzakət xatirinə razı olmamışdı. İsrar eləyən də olmayınca beş baş qoyunu evin həndəvərindəcə otarırdı. Qoyunlar da elə bil ahıl kişini incitməmək üçün çox uzağa getmirdilər. Qarınlarını ot-alafla doyurandan sonra özləri axura yanaşırdılar. Axşamüstü bir az da Mürsəl kişinin axura səpdiyi kəpəkdən dadıb, sal duz daşını yalayıb, sularını içəndən sonra tövləyə doluşurdular. Mürsəl kişiyə qalan divara söykənmiş qapalağı yerinə qoyub arxasına kötüyü dayamaq olurdu.

    Dünən axşam da yağan yağışı saymazdan gəlib köhnə, biraz da nimdaş papağının üstünə cığara keçirib, həyət-bacanı sahmana salandan sonra axşam namazını qılıb yatağına girmişdi.

    Vaxtı ilə iki otaq, bir eyvandan ibarət olan evin indi ancaq bir otağına insan nəfəsi dəyirdi.  Evin əhəng divarlarına kirəmitlərdən süzülüb tökülən çirkli yağış suları dikinə xətləri elə çəkmişdi elə bil ev böyük bir qəfəsin içinə həbs olunmuşdu. Mürsəl kişinin otağı o qədər kiçik idi otağın ortasında durub hər tərəfə iki addım atsan divara çatardın. Qapıdan girən kimi sol küncdə Mürsəl kişinin dəmir başlıqlı, dəmir setkalı çarpayısı sanki köklərini taxta döşəməyə atıb orda bitmişdi. Otuz ildən artıq tək yatmağına baxmayaraq başını yastığın ortasına qoymağa heç cür vərdiş edə bilmədiyi, elə hey yastığının bir ucunu boş saxladığı çarpayısı. Bir də sazaqlı qış gecələrində yorğanının ucunu yatağın boş tərəfinə çəkməyi vardı ki, bu vərdişindən heç kişinin özünün də xəbəri yox idi. İllərdi iki nəfərlik təkcənəlik yaşayırdı Mürsəl kişi. Çarpayıya bitişik divarda üstündə iki maral təsviri olan qalın parça asılmışdı. Onun süfrəmi, yoxsa xalçamı olduğunu bilmək artıq imkansız idi. Çarpayının qarşısında cəmi bir addımlıq məsafədə otaqdakı yeganə pəncərənin qarşısında çəkməcəli köhnə miz, onun yanında isə iki taxta oturacaq vardı. Oturacaqlardan biri xəfif əyilmiş və söykənəndə laxlayan söykənəcəyi ilə Mürsəl kişinin sağ əli olmuşdu. Ürəklə söykənə bilməsə də ayağa qalxanda onun söykənəcəyindən tuta bildiyi üçün o oturacaq otaqda ən çox istifadə olunan əşya idi. Qapının sağ tərəfində adam boyu hündürlükdə divara bir metr uzunluğunda ensiz taxta vurulmuşdu. Taxtanın üstünə vurulmuş mismarlardan Mürsəl kişi özünün mövsümlük paltarlarını asırdı. Paltarların üstündən də onları tozdan qoruyan nə vaxtsa döşək üzü olmuş güllü parça asılmışdı. Tavandan yayvari məftillə sallanan kiçik lampanın üstünü toz o qədər basmışdı ki, işığı yandıranda lampanın kölgəsi tavana vururdu. Onsuz da, o lampa gün ərzində cəmi bir saat yana, ya yanmaya. Hava qaralan kimi Mürsəl kişi çöldə işlərini bitirib otağına gəlirdi. Qatıqdan, pendirdən yavanlıq edib, axşam namazını qılandan sonra elektrik lampasını söndürüb pəncərənin qırağındakı kerasinli çırağı yandırardı. Bu vərdiş Mürsəl kişiyə bircə oğlu Mənsurun körpəliyindən yadigar qalmışdı. Elə çıraq da həminki çıraq idi. Köhnə diləklər sadiq olurlar. Mənsurun anası oğlunu doğub atasına verəndən sonra gözlərini birdəfəlik yummuşdu. O gündən Mürsəl hər gecə bu çırağın işığında Mənsura anası haqda nağıllar uydururdu. Zaman keçdikcə o gecələrin yeganə şahidi olan kerasinli çıraq Mürsəl kişinin xatirələrinin tətiyi olmuşdu. Hər axşam çırağı yandırıb pəncərənin qabağına qoyanda Mənsura danışdığı nağılları yadına salıb, hərdən gülümsünər, hərdən də kövrələrdi. Dünən gecə həmən bu çıraq ən sadiq dostunun son gecəsinə işıq salırdı.

     Qonşu Əhməd Mürsəl kişinin bu gecə “çırağının söndüyünü” sabah günortaya qədər həyətdə heç bir hərəkətin olmamağından anlamışdı. Elə sədrin müavininə də xəbəri o çatdırmışdı. Sədrin atasının ölüm xəbəri isə kişi hələ son nəfəsini vermədən kəndə yayılmışdı. Kəndin bütün ağsaqqalları, sayılıb-seçilən kişiləri bələdiyyə sədrinin evinin önünə toplaşmağa başlamışdılar. Yorğun-yorğun yağan yağışdan hərə bir cür qorunurdu. Biri papağını yağışdan qoruyurdu, o biri ayaqqabısını palçıqdan.

     Artıq yas mərasimi üçün bütün hazırlıqlar tamamlanmaq üzrə olanda insanlar tələsik çadıra doluşub isti çayın nə vaxt veriləcəyini səbirsizliklə gözləməyə başlamışdılar. Kəndin mollaları da iki gün idi bələdiyyə sədrinin qapısında növbə çəkirdilər.

    Molla demişkən, kənddə iki molla vardı. Biri sovet vaxtı kolxozda qoruqçu işləmiş, nəinki ərəb əlifbasında, heç latın əlifbasında da düz-əməlli oxumağı bacarmayan Qaravul Dadaş – sonradan Molla Dadaş olmuşdu – , o biri isə rayon mərkəzindəki türk mədrəsəsində bir müddət Qurani Kərim oxumağı öyrənmiş bir gənc idi. Gənc molla camaatın Molla Dadaşa ehtiram elədiklərini bildiyi üçün onunla yalançı bir nəzakətlə davranırdı. Başa düşürdü ki, Dadaşın savadsız molla olduğunu deyib aranı korlasa kənd camaatı ikisinin arasından yaşda böyük olanı seçəcək. Odur ki, dilini dinməzcə qoyub, bir tikə çörəyinin qeydinə qalmağı üstün tuturdu. Ən pisi də o idi ki, Qaravul Dadaş da bunu başa düşürdü və bu vəziyyətdən öz xeyirinə məharətlə istifadə edirdi. Sovet hakimiyyətinin dağılan vaxtlarında az sayda xəlvəti çap olunmuş tünd mavi üzü, içində isə kiril hərfləri, ərəb sözləri ilə yazılmış “Ya-Sin” surəsi və bir neçə işə yarayan duaların olduğu kitabça Dadaşın əlindən düşməzdi. Bu kitabçaya daha çox “Dəfn mərasiminin təlimat kitabçası” demək olardı. Əslində illərlə təkrar-təkrar oxunan bir kitabçanın artıq əzbərdən yadda qalması lazım idi, amma Dadaş bir vasitə ilə işin ciddiliyini nümayiş etdirməli idi axı; vərəqləri isladılıb çevirilməkdən sap-sarı olmuş bu kitabça bu işə yarayırdı. Molla Dadaş hər dəfə o kitabçanı əlinə alıb tən ortadan açanda məclisdəki camaat qeyri-ixtiyarı əllərində nə varsa masaya qoyub başlarını aşağı dikirdilər. Bu an üzlərə səbəbi bilinməyən bir hüzn gəlir və bütün məclis birdən-birə hipnozlanmış bir görkəm alırdı. Hamı mollanın “amin” sözünü gözləyirdi. Elə ki, “amin” deyildi bayaqdan ciyərlərində saxladıqları nəfəsi sonuna qədər boşaldıb yarımçıq qalmış söhbətini davam etmək üçün hərə öz yanındakına tərəf əyilirdi.  Bir də bunun məclisə yeni gələn və qalxıb getmək istəyənlər üçün olanı da var ki, bunun da uzunluğu və səs tonunun ciddiliyi adamına görə dəyişirdi. Sıradan qonaqlar üçün “giriş-çıxış icazəsini” Molla Dadaş cavan mollaya həvalə edirdi. Amma rayon mərkəzindən gələn qalstuklu qonaqlar və xüsusən də Bakıdan gələnlər üçün şəxsən özü hərəkətə keçirdi. Bakıdan gələn qonaqların kim olmasının əhəmiyyəti də yoxdur, çünki onların Bakıdan gəlməsi artıq xüsusi bir üstünlükdür. Bakıdan gələnlər də kənd camaatına elə baxırdılar, elə bil ingilislər Avstraliya aborigenləri ilə qarşılaşıblar.

    Bələdiyyə sədrinin həm rayon mərkəzindən, həm də Bakıdan çoxlu qonaqları var idi. Mənsurla Sərdar da qonaqların arasında idi. Bələdiyyə sədrinin bacısı oğlu Sərdar, Mənsurun sinif yoldaşı və uşaqlıq dostu idi. Dünən bu vaxt onlar Bakıda dənizkənarı bulvardakı Görüş kafesində görüşüb Xəzəri seyr edə-edə doğma kəndlərindəki dağlardan, meşələrdən söhbət edirdilər. Kəndə getməyin, ordakı insanlarla görüşüb dərdləşməyin həm kənddəkilər üçün, həm də onların özü üçün çox yaxşı olacağından danışdıqları yerdəcə bir zəng gəlmişdi və dostlar sabah ertədən kəndə yollanmağın planını qurmuşdular. Zəng edən adam Sərdara babasının vəziyyətinin çox pis olduğunu, sabaha sağ çıxmaya biləcəyini söyləmişdi. Onlar da gecikmədən sabah səhər birinci avtobusla yola çıxıb rayon mərkəzinə, ordan da doğma kəndlərinə yollanmışdılar. Saat 12-də artıq kənddə idilər. Dəfn mərasiminə yetişmək üçün öz evlərinə getmədən bir-başa Sərdarın babasının, daha doğrusu artıq dayısının evinə getmişdilər.

    Bələdiyyə sədrinin evində dəfn üçün hər şey hazır idi. Cənazəni lazımi qaydada yuyub, kəfənləyib evə gətirmişdilər. Mərhumun qızları, gəlinləri, nəvələri meyidin ən yaxınında dövrə şəklində oturub sözü bir-birinə ötürə-ötürə ucadan ağlayırdılar. Onların arxasında ən yaxın qohumlar və yaxın qonşular hərdən dizlərinə yumşaqdan sillə vuraraq sanki “biz də sizin dərdinizə şərikik” demək istəyirdilər. Bir az arxada bir-neçə sıra kənd arvadları yaşmaqları ağızlarında sızıldayırdılar. Ən axırıncı sırada divarın dibində Bakıdan gələn qonaqların xanımları stullarda əyləşib əllərindəki ağ dəsmalla hərdən burunlarını və yanaqlarını silirdilər. Mərhumun çərçivəyə salınmış şəklini gətirib meyidin üstünə qoyanda şaxsey-vaxsey dalğası bir neçə dəqiqəlik pik həddə yüksəlsə də, sonra yenə yazılmamış amma hamı tərəfindən əzbər bilinən ssenari üzrə əvvəlki ahəngə geri dönmüşdü.  Həm həyətdə siqaret çəkib arada futboldan, ya da siyasətdən danışan kişilər, həm də artıq özlərinin bütün ölülərini doyunca ağlamış qadınlar protokol qaydaları kimi prosesin sonunu gözləyirdilər.

    Nəhayət qəbiristanlıqdan qəbrin hazır olması haqqında xəbər gəldi və bələdiyyə sədri yavaş-yavaş hərəkətə keçməyə göstəriş verdi. Müavin yaxınlaşıb sədrin qulağına nə isə pıçıldayanda atasını itirmiş bir adamın kədərinə baxmayaraq sədrin kefinin pozulduğu üzündən aşkar görünmüşdü. Demək ki, ehtiyatda hələ bir az da kədər və hüzün qalmışdı. Ya da ki, bu təlaş ifadəsi ola bilərdi. Çünki gələn xəbər kənddə bir cənazənin daha olduğunu söyləyirdi və sədr kənd camaatının bir qisminin onun cənazəsinə gəlməyəcəyindən narahat olmuşdu. “Elə bu günü gözləyirdi zalım balası?” düşüncəsi ilə vəziyyətdən çıxış yolu axtarmağa başladı. Müavini kənara çəkib təcili göstərişlərini verdi. Müavin sədrin göstərişi ilə məclisdəki cavan mollanı, bələdiyyədə işləyən Çingizlə Elvini də götürüb heç kimə heç nə demədən Mürsəl kişinin evinə yollandı. Molla Çingizlə Elvinin köməyi ilə Mürsəl kişinin cənazəsini tövlə ilə evin arasındakı dar keçiddə yuyub kəfənləyən vaxtda sədrin müavini qəbir qazdırmaq üçün qəbiristanlıqda idi. Bu arada qonşu Əhməd də Mürsəl kişinin çay qabındakı bircə dəmlik sonuncu çayını dəmləmişdi. Molla köməkçiləri ilə işlərini bitirib cənazəni çarpayının yaxın tərəfinə qoyanda çarpayının bir tərəfi yenə boş qalmışdı. Qonşu Əhməd sağ əlində çay, sol əlində siqaret qapının ağzında dayanıb, Çingizlə Elvin isə oturacaqlarda oturub çaydan içə-içə çarpayıya uzatdıqları əsərlərinə tamaşa edəndə cavan molla vaxtını fövtə verməyib əlindəki Qurani Kərimdən “Ya-Sin” surəsini oxumağa başladı. İnsaf xatirinə deyək ki, gəncin çox düzgün və ürəyəyatımlı qiraəti vardı. İndi bu avaz bəlkə də Mürsəl kişinin eşitmək istədiyi ən gözəl şey idi. Üstəlik ağlaşma səsləri ilə bu avaza mane olan da yox idi. Qəbir də cənazə də tam hazırdır. Lakin bələdiyyə sədrinin tapşırığı ilə Mürsəl kişinin dəfni onun atasının dəfni başa çatdıqdan sonra başlamalıdır deyə molla bir neçə gözəl surə daha oxumağa macal tapmışdı.

    Sədrin atasının dəfni qonaqların, ev əhlinin və kənd camaatından ən az hər evdən bir nümayəndənin iştirakı ilə bütün təm-tərağıyla həyata keçirilirdi. Molla Dadaşın nəyi və necə oxuduğu mühim deyildi. Əsas odur ki, hamı burdadı, molla qəbrin başında nə isə oxuyur, qadınlar arxadan ağlaşır və bir-neçə adam əllərində kürək, bel qəbrin üstünü düzəldirlər. Əsas proses hələ bundan sonra başlayacaq. Kişilər işlərini görüb qurtardıqdan sonra hamının ağlında ancaq bir fikir var, tez kəndə qayıdıb isti bir çay içmək. Molla Dadaş belə “əlamətdar” bir dəfn üçün ehtiyatda olan bütün arsenalını işə salmağa hazırlaşırdı ki, sədr yağışdan əziyyət çəkən insanları düşünüb Dadaşa qısa kəsməsini işarə elədi. Dadaş da başı ilə razılıq işarəsi edib “B” variantına keçdi və tez Fatihəni verib camaatı rahatlatdı. Əslində bu işin tez ərsiyə gəlməsi mümkün olduğu halda niyə başqa vaxtlarda uzadıldığını isə heç kim düşünmədi. Ola bilsin düşünən oldu, amma yəqin ki, tez də unutdu. Onsuz da insanlar qəbiristanlıqda çox qalmağı sevmirlər. Niyə də sevsinlər?!

    İnsanlar bir-birinin üzünə baxmadan, başlarını aşağı əyib günahkar uşaq addımları ilə çəkilməyə başlayanda ev əhlindən bir-neçə qadın özünü qəbirin üstünə atıb son hönkürtülərini boşaltmağa başladı. Qonum-qonşular rəhmətliyin qızı və nəvəsinə azacıq ürəklərini boşaltmağa imkan verib sonra qollarına girib qaldırdılar. Onlar da bu yardıma xüsusi etiraz eləmədən qəbiri yağışın ixtiyarına buraxdılar. Artıq yağış istədiyi qədər sulayacaq, günəş istədiyi qədər qurudacaq, külək istədiyi qədər sovuracaqdı bu qəbiri.

    Qəbiristanlığın qapısına tərəf addımlaya-addımlaya Sərdar babasının necə qayğıkeş kişi olduğundan, bütün nəsillərinin babasının sayəsində oxuyub iş-güc sahibi olduqlarından ağız dolusu danışır, Mənsur isə yalandan da olsa nəzakət xatirinə, həm də ortadakı hüzünlü ab-havanı pozmamaq üçün başı ilə Sərdarın dediklərini təsdiqləyirdi. Ürəyində isə bütün insanlar kimi bunun əksini düşünürdü. İnsanlar arasındakı bu cür davranış artıq ikiüzlülükdən çox qarşılıqlı hörmət əlaməti sayıldığı üçün heç kim bundan vicdan əzabı hiss etmir. Mənsur da sıradan bir insandır və ölən adama ürəyində heç bir sevgi olmadığı halda dilində onun haqqında pis bir söz söyləyə bilmirdi.

     Onlar kəndə qayıtmaq üçün gəldikləri maşınlara yenicə əyləşmişdilər ki, qəbiristanlıq yolunda uzaqdan bir maşın göründü.

–  Deyəsən yenə ölən var? – Sərdar dedi.

– Yəqin qonşu kənddəndi. Bizim kənddən olsa xəbərimiz olardı. – Mənsur qəbiristanlıqdakı qəbirlərin baş-daşlarına baxa-baxa əlavə etdi.

– Bəlkə gözləyək? Görək kimdi. Deyəsən cəmi bir maşındı gələn. Yəqin adam da az olar, köməyə ehtiyacları olar.

– Bilirsən mən sabah Bakıda olmalıyam. Bizim köhnə briqadir deyirdi ki, təzə tikinti götürəcək bəlkə orda fəhlə işi oldu.

– Bəs atana baş çəkmədən gedəcəksən?

– Deyəsən bu dəfə alınmayacaq. Heyif. Amma eybi yoxdu işə başlayım ilk maaşı alan kimi bazarlıq edib gələcəm. Həm əlidolu gəlib kişini də sevindirərəm. Hər dəfə gələndə deyir heç olmasa bir «Nağıl» tortu alıb gətirərdin. Axırıncı dəfə vidalaşanda məni elə qucaqlamışdı elə bil birdəfəlik gedirəm. Deyirəm rəhmətliyin nəvəsi mənim otuz altı yaşım var Bakıda məni yeməyəcəklər ki, gedib yenə gələcəm. Elə-hey deyirəm sənə bir telefon alım darıxanda zəng elə danışaq. Deyir: “Mənim o simsiz zaddan başım çıxmır”. Lazım olanda qonşu Əhmədin telefonundan zəng eliyir. Keçən həftə zəng vurub deyir ki: “Gəl evlən toyunu görüm. İstəyirsən lap Bakıdan gəlin tap gətir. Kimi istəyirsən al, təki toyunu görüm”. Deyirəm a kişi qaçha-qaçdı bəyəm? Hələ nə yaşım var?

     Sərdar özü də hiss eləmədən Mənsurun söhbətinə qoşulub kəndə qədər gedəsi oldu. Onların başı söhbətə necə qarışdısa, qarşıdan gələn cənazə maşınının yanlarından nə vaxt keçdiyini də hiss eləmədilər.

     Dəfndən gələnlər kəndə çatanda artıq yağış kəsmişdi və buludlar seyrəlməyə başlamışdı. Kəndin ortasına çatanda Mənsur sürücüdən maşını saxlamağını istədi.

– Siz yolunuzdan qalmayın. Deyəsən bu, rayon mərkəzinə gedən sonuncu avtobusdu. Bunu buraxsam gec olacaq. Səhər saat 9-da tikintidə olmalıyam, yoxsa iş əlimdən çıxacaq. Sərdar! Dayına da mənim adımdan başsağlığı verərsən. Dəfndən əvvəl imkan olmadı görüşüb başsağlığı verim.

     Mənsurun ağlının bir küncündə “mən sədrin atasının dəfnində iştirak etdim, yəqin bunu unutmaz o da gün gələndə mənim atamın dəfnində iştirak edər” fikri dolaşa-dolaşa rayon mərkəzinə gedən sonuncu avtobusa yetişdi.

     İçi tozlu, üstü sulu avtobus gölməçələri tapdalaya-tapdalaya Mənsurun artıq doğmalarının qalmadığı doğma kəndindən uzaqlaşdı.

Rx.

Bakı, 08 Aprel 2019.

Bir cavab yazın